Səudiyyə Ərəbistanı biomüxtəlifliyin təmin edilməsi öhdəliyini təsdiqləyib
Bakı, 17 avqust, AZƏRTAC
Kral Əbdüləziz Elm və Texnologiya Şəhəri (KACST) və Milli Vəhşi Təbiət Mərkəzi tərəfindən təmsil olunan Səudiyyə Ərəbistanı genetik ehtiyatlar üçün rəqəmsal ardıcıllıq məlumatlarının istifadəsindən irəli gələn faydaların bölüşdürülməsinə həsr olunmuş açıq işçi qrup Kanadanın Monreal şəhərində keçirilən iclasında iştirak edib.
AZƏRTAC “Saudi Gazette” nəşrinə istinadla xəbər verir ki, KACST-nin vitse-prezidenti və Milli Biotəhlükəsizlik Komitəsinin sədri Bətul Bəaz Krallığın Dayanıqlı İnkişaf Məqsədlərinə və beynəlxalq çərçivələrə, sazişlərə və protokollara uyğun olaraq biomüxtəlifliyin itkisinin sürətini azaltmaq üçün beynəlxalq səyləri artırmaq öhdəliyini təsdiqləyib. O, həmçinin beynəlxalq ictimaiyyətin biomüxtəlifliyin itkisini azaltmaq və genetik ehtiyatlardan yaranan faydaların ədalətli şəkildə bölüşdürülməsini təmin etmək öhdəliyi götürməsinin zəruriliyini qeyd edib.
Təqdimatda Səudiyyə Ərəbistanının iqlim dəyişikliyi ilə mübarizə, həyat keyfiyyətinin yaxşılaşdırılması və gələcək nəsillər üçün ətraf mühitin qorunmasına diqqət yetirən Yaşıl Təşəbbüs kimi biomüxtəlifliyin qorunub saxlanılmasına yönəlmiş milli səviyyədə səyləri və təşəbbüslərinin icmalı və Krallıqda genetik ehtiyatlar üzrə milli sistemin inkişafı istiqamətində aparılan işlərə toxunulub.
Səudiyyə Ərəbistanı iclasda ekoloji tədqiqat, inkişaf və innovasiya mədəniyyətini təşviq etmək öhdəliyini təcəssüm etdirən Milli Biotexnologiya Strategiyasını təqdim edib. Bu kontekstdə qlobal fondun yaradılması da daxil olmaqla, genetik ehtiyatlara dair rəqəmsal ardıcıllıq məlumatlarının istifadəsindən irəli gələn faydaların bölüşdürülməsi mexanizminin işlənib hazırlanması müzakirə olunub.