CƏMİYYƏT
Səudiyyə Ərəbistanından olan mütəxəssislər Qida Təhlükəsizliyi İnstitutunun fəaliyyəti ilə tanış olublar
![](/files/galleryphoto/2023/1/1200x630/16781140615309844487_1200x630.jpeg)
![](/files/galleryphoto/2023/1/1200x630/1678113842129848236_1200x630.jpeg)
![](/files/galleryphoto/2023/1/1200x630/16781138424399760485_1200x630.jpeg)
Bakı, 6 mart, AZƏRTAC
Ölkəmizə səfərə gələn Səudiyyə Ərəbistanının Ətraf Mühit, Su və Kənd Təsərrüfatı Nazirliyinin texniki qrupdan ibarət nümayəndə heyəti Qida Təhlükəsizliyi İnstitutunda olub.
İnstitutun İctimaiyyətlə əlaqələr və maarifləndirmə departamentindən AZƏRTAC-a verilən məlumata görə, görüşdə qonaqlara institutun fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verilərək bildirilib ki, ölkədə qida təhlükəsizliyinin təmin edilməsi və əhalinin sağlamlığının qorunması məqsədilə AQTİ-nin nəzdində qida təhlükəsizliyi, kompleks tədqiqatlar, bitki və heyvan sağlamlığı üzrə ixtisaslaşmış laboratoriyalar fəaliyyət göstərir və həmin laboratoriyalarda müxtəlif qida məhsullarının təhlükəsizlik və keyfiyyət göstəriciləri üzrə müayinələri aparılır.
Görüş zamanı Səudiyyə Ərəbistanından olan mütəxəssislər ölkəmizdə qida təhlükəsizliyi sahəsində laboratoriya sisteminin inkişafı, maddi-texniki bazanın modernləşdirilməsi sahəsində həyata keçirilən işlər barədə məlumatlandırılıblar. İnstitutun nəzdində fəaliyyət göstərən laboratoriyalarda çalışan işçi heyətin nəzəri və təcrübi biliklərinin artırılması sahəsində beynəlxalq təşkilatlarla qurulan sıx və səmərəli əməkdaşlıq əlaqələrindən danışılıb, beynəlxalq səriştəlilik sınaqlarında əldə edilən uğurlar diqqətə çatdırılıb.
Görüş zamanı nümayəndə heyəti Qida Təhlükəsizliyi İnstitutunun fəaliyyəti ilə bağlı təqdimatla tanış olub.
Görüşdən sonra qonaqlar institutun nəzdində fəaliyyət göstərən Mərkəzləşmiş nümunə qəbulu məntəqəsinə, Kompleks Tədqiqatlar Laboratoriyasına, Mərkəzi Baytarlıq Laboratoriyasına və Milli Referens Laboratoriyasına baxış keçirib. Onlar laborator sınaqların həyata keçirildiyi otaqlara baş çəkib, sınaqların aparılması prosesini izləyib, cihaz və avadanlıqlarla, həyata keçirilən laborator müayinə üsulları ilə tanış olub, qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıblar. Laboratoriyalara baxış çərçivəsində nümayəndə heyəti Səyyar Qida Laboratoriyasının iş prinsipi ilə yaxından tanış olub. Onlara Səyyar Qida Laboratoriyası, eləcə də Mobil Səhra Laboratoriyası haqqında ətraflı məlumat verilib.