Səudiyyə Ərəbistanının nümayəndəsi: Digər üzv dövlətləri də Məkkə Konvensiyasına qoşulmağa çağırırıq VİDEO
Bakı, 28 oktyabr, AZƏRTAC
Səudiyyə Ərəbistanı Krallığı şəffaflığın gücləndirilməsi və korrupsiyaya qarşı mübarizə məqsədilə bir sıra tədbirlər həyata keçirib. Bu toplantının məqsədi də korrupsiyaya qarşı mübarizə və şəffaflığın təmin edilməsi istiqamətində kollektiv səylərimizi gücləndirməkdir.
AZƏRTAC xəbər verir ki, bunu Səudiyyə Ərəbistanı Krallığının Nəzarət və Korrupsiyaya Qarşı Mübarizə qurumunun (Nazaha) rəhbəri Mazin İbrahim Əl-Kahmus İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə aparan hüquq-mühafizə orqanları rəhbərlərinin üçüncü Yüksəksəviyyəli Görüşündə çıxışı zamanı deyib.
Onun sözlərinə görə, qəbul edilən qətnamələr üzv dövlətlərin bu sahədə qarşıya qoyulan məqsədlərə nail olmaq iradəsini əks etdirir: "Üzv dövlətləri məlumat mübadiləsinin və koordinasiyanın gücləndirilməsi, cinayət yolu ilə əldə edilmiş gəlirlərin müəyyənləşdirilməsi və izlənilməsi məqsədilə Səudiyyə Ərəbistanı Krallığının təqdim etdiyi qətnamə layihəsini dəstəkləməyə dəvət etmək istəyirəm. Bu məqsədlə cinayət yolu ilə əldə edilmiş gəlirlərin izlənilməsi üçün məlumat mübadiləsini gücləndirmək naminə GlobE şəbəkəsinə qoşulmağımız zəruridir. Korrupsiyaya qarşı əməkdaşlıq haqqında Məkkə əl-Mükərrəmə Konvensiyası çərçivəsində bir sıra dövlətlərin Konvensiyanı ratifikasiya etməsini yüksək qiymətləndirir və alqışlayırıq. Digər üzv dövlətləri də Məkkə əl-Mükərrəmə Konvensiyasını imzalamağa, ratifikasiya etməyə və ona qoşulmağa çağırırıq. Sonda bizi səmimiyyətlə qarşıladığına və toplantını yüksək səviyyədə təşkil etdiyinə görə Azərbaycan Respublikasına bir daha təşəkkür və minnətdarlığımı bildirirəm. Ümid edirəm ki, bu toplantı korrupsiyaya qarşı mübarizə sahəsində kollektiv səylərimizi daha da gücləndirəcək”.