Sevil Yəhyayeva: İnvestor Azərbaycana yalnız daxili bazar kimi baxmamalıdır
Bakı, 26 sentyabr, AZƏRTAC
Azərbaycan Çin və Mərkəzi Asiyanı Cənubi Qafqaz, Türkiyə və Avropa ilə birləşdirən Orta Dəhlizin əsas hissəsidir.
AZƏRTAC xəbər verir ki, bu barədə İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) icraçı direktorunun müşaviri Sevil Yəhyayeva II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində “Qeyri-maddi investisiyalar: Gələcəyin kapitalı və iqtisadi artımın yeni hərəkətverici qüvvəsi” mövzusunda keçirilən panel sessiyada deyib.
Onun sözlərinə görə, Çin və Azərbaycan arasında Xəzər dənizi üzərindən keçən əsas nəqliyyat marşrutunda Qazaxıstan aralıqda olan yeganə ölkədir.
“Mövcud regional şəraitdə bərpaolunan və diversifikasiya edilmiş təchizat zəncirləri beynəlxalq şirkətlər üçün getdikcə daha böyük əhəmiyyət kəsb edir. Bu nəqliyyat-logistika imkanları Azərbaycanın sənaye və resurs bazası, rəqabətqabiliyyətli enerji, xammal və aralıq məhsullara çıxış, habelə mövcud sənaye potensialı ilə tamamlanır ki, bu da növbəti emal və ixracyönümlü istehsal üçün imkanlar yaradır. Buna görə də investor Azərbaycana yalnız daxili bazar kimi baxmamalıdır; burada daha geniş keçid - Azərbaycanda istehsal edib, oradan daha böyük bir coğrafiyaya xidmət göstərmək imkanıdır. İnanıram ki, Azərbaycan üçün növbəti mərhələ yalnız xarici birbaşa investisiyaların həcmini artırmaq deyil, həm də texnologiya transferi, yerli təcrübənin inkişafı və Azərbaycan şirkətlərinin regional və qlobal dəyər zəncirlərinə daha güclü inteqrasiyası vasitəsilə uzunmüddətli təsir üçün onun keyfiyyətini artırmaqdır”, - deyə müşavir əlavə edib.