Sığortaçılarda yeni idarəetmə modelinin tətbiqinə başlanılıb
Bakı, 24 iyun, AZƏRTAC
Sığortaçılarda yeni idarəetmə modelinin tətbiqinə başlanılıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Mərkəzi Bankın sədrinin birinci müavini Əliyar Məmmədyarov 11-ci "Azərbaycan Beynəlxalq Sığorta Forumu"nda (AIIF-2026) deyib.
O bildirib ki, sığortaçıların idarəetməsində komitələrin vacibliyi artırılıb, müstəqil üzvlərin idarəetmə orqanlarında iştirakı genişləndirilib, daxili nəzarət və riskidarəetmə xətləri formalaşdırılıb. Bu isə sığortaçıların fəaliyyətini ən yaxşı beynəlxalq təcrübəyə uyğun qurulmasına imkan verib. İcbari avtomobil sığortası üzrə tətbiq olunan yeniliklər riskəsaslı yanaşmaların genişləndirilməsinə, bunun nəticəsində isə sürücülük intizamının artırılmasına və üçüncü şəxslərin səhhətinə və əmlakına zərər dəyməsi zamanı təkmil sığorta xidmətlərinin təqdim edilməsinə imkan yaradıb.
"Bundan əlavə, bank və sığorta sektorları arasında əməkdaşlıq dərinləşdirilib, kredit öhdəlikləri olan vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi məqsədilə yeni həyat sığortası mexanizmləri tətbiq edilməyə başlanılıb. Eyni zamanda, işsizlikdən sığorta təminatı verən kredit sığortası məhsulu hazırlanıb. Bu məhsul kredit alan şəxslərin maliyyə təhlükəsizliyinin gücləndirilməsinə xidmət edəcək", - deyə Ə.Məmmədyarov əlavə edib.