Silahlı Qüvvələr Günü Ağsu rayonunda qeyd olunub
Ağsu, 26 iyun, AZƏRTAC
Ağsuda 26 iyun - Silahlı Qüvvələr Günü münasibətilə tədbir keçirilib. Tədbirdə rayon rəhbərləri, Qarabağ müharibəsinin iştirakçıları, qazilər, şəhid ailələri, ağsaqqallar və gənclər iştirak ediblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, əvvəlcə Şəhidlər xiyabanında Vətən uğrunda canından keçən qəhrəman igidlərin məzarları üzərinə gül dəstələri düzülüb, xatirələri ehtiramla yad olunub.
Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Rayon icra hakimiyyəti başçısının müavini Sevil Mirzəliyeva tədbirdə çıxış edərək müstəqil Azərbaycan Ordusunun yaradılmasını ümummilli lider Heydər Əliyevin xalqımız qarşısında ən böyük tarixi xidmətlərindən biri olduğunu vurğulayıb. Qeyd edib ki, Azərbaycan Silahlı Qüvvələri bu gün ən müasir tələblərə cavab verən, Vətənin müdafiəsinə hər an hazır olan yüksək nizam-intizama malik peşəkar qüvvəyə çevrilib. Rəşadətli Ordumuz hərbi qüdrətini 44 günlük Vətən müharibəsində işğalçı Ermənistan silahlı qüvvələrini diz çökdürərək bütün dünyaya nümayiş etdirdi.
Rayon icra hakimiyyətinin başçısı Rövşən Bağırov vurğulayıb ki, təməli ulu öndər Heydər Əliyev tərəfindən qoyulan Silahli Qüvvələrimiz bu gün Prezident, Ali Baş Komandan İlhan Əliyevin rəhbərliyi ilə bütün istiqamətlər üzrə uğurla inkişaf edir. Silahlı Qüvvələrimizin modernləşdirilməsi, yüksək döyüş hazırlığı, hərbçilərin sosial problemlərinin həlli, kadr hazırlığı və sair istiqamətlərdə görülən işlər nəticəsində Azərbaycan Ordusu regionun ən qüdrətli ordusuna çevrilib. Ötən il sentyabrın 27-də başlayan 44 günlük Vətən müharibəsinin Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında tarixi qələbə ilə başa çatması Azərbaycan Silahlı Qüvvələrinin nəyə qadir olduğunu bütün dünyaya göstərdi.
Yığıncaqda Prezident İlham Əliyevin sərəncamları ilə təltif edilən Vətən müharibəsi şəhidlərinin ailə üzvlərinə, qazilərə və müharibə iştirakçılarına orden və medallar təqdim olunub. Dövlətimizin başçısının sərəncamları ilə Ağsu rayonundan bir nəfər “Azərbaycan bayrağı” ordeni, 18 nəfər isə müxtəlif medallarla təltif edilib.
“Azərbaycan bayrağı” ordeninə layiq görülən rayonun Qaraqaşlı kənd sakini, 1996-cı il təvəllüdlü İlkin Zülfüqarov AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində göstərilən diqqət və qayğıdan razılığını bildirərək deyib: “Vətən müharibəsində döyüşlərə sentyabrın 28-də qatılmışam. Cəbrayıl, Qubadlı, Zəngilan rayonlarının işğaldan azad olunması uğrunda döyüşlərdə iştirak etmişəm. Qələbəyə bir gün qalmış ağır yaralandım. Güllə boğaz nahiyəmdən girib kürəyimdən çıxıb. Qəlpə hələ də bədənimdədir. Yaralandığım ilk gündən Azərbaycan dövlətinin hərtərəfli diqqət və qayğısı ilə əhatə olunmuşam. Döyüşlərdə göstərdiyimiz şücaətin yüksək qiymətləndirilməsindən sonsuz qürur hissi keçirirəm. Hərbçilərin Böyük Qələbə xidmətlərini yüksək qiymətləndirdiyinə görə Prezident, Müzəffər Ali Baş Komandanımıza minnətdaram”.