SİMAX ŞEYDANIN 70 İLLİK YUBİLEYİ QEYD OLUNMUŞDUR
Xalq yazıçısı Anar tədbiri açaraq Yazıçılar Birliyinin İdarə heyəti adından yubilyarı təbrik etmiş, ona yaradıcılıq uğurları arzulamışdır. Şairin həyat və yaradıcılığından söhbət açan natiq bildirmişdir ki, Azərbaycan və yəhudi dillərində yazıb yaradan şairin 10-dan çox kitabı işıq üzü görmüşdür. Hazırda Almaniyada yaşayan şair yaradıcılığının başlanğıcında uşaq əsərləri yazmış, “Təyyarə” adlı ilk kitabından sonra daha beş uşaq kitabı nəşr etdirmişdir.
Xalq şairi Qabil, Azərbaycan Dağ Yəhudiləri İcmasının sədri Semyon İxiilov, Milli Məclisin deputatı Yevda Abramov və başqaları çıxış edərək vurğulamışlar ki, Simax Şeyda ötən əsrin 90-cı illərinin əvvəllərindən müalicə olunmaq üçün əvvəlcə İsrailə, sonra isə Almaniyaya getmişdir. Harada yaşamasından asılı olmayaraq həmişə Azərbaycanın təəssübünü çəkmiş, həmin ölkələrdə respublikamızın ən fəal təbliğatçısı olmuşdur. Israildə yaşayarkən “Ürəyimin mahnıları”, “Şirvanlı qız” və “Soruş məni” adlı üç şeir kitabı çap olunmuşdur. Bu günlərdə isə şairin “Qəzəllər” kitabı işıq üzü görmüşdür.
Axırda S.Şeyda yaradıcılığına göstərilən diqqət və qayğıya, haqqında deyilən xoş sözlərə görə iştirakçılara və tədbirin təşkilatçılarına minnətdarlığını bildirmişdir. Məlumat vermişdir ki, hazırda o, yəhudi dilində Azərbaycan ədəbiyyatı toplusunu buraxmaq arzusundadır. Məqsədi yəhudilərin Xəqanini, Nizamini, Füzulini, Nəsimini, S.Ə.Şirvanini, Vaqifi, Sabiri, Zakiri və başqa Azərbaycan şairlərini öz dilində oxumalarına nail olmaqdır.