Sinan Oğan: 1918-ci ilin 31 martını nə unutmayacağıq, nə də unutdurmayacağıq
Bakı, 31 mart (AZƏRTAC). Türkiyə Böyük Millət Məclisinin deputatı Sinan Oğan 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı müraciət yaymışdır.
Müraciətdə xalqımızın tarix boyunca müxtəlif soyqırımlarına və müsibətlərə məruz qaldıqları vurğulanmış, Bakıda, Şamaxıda, Qubada, Kürdəmirdə, Salyanda, Lənkəranda ermənilər tərəfindən amansız qətliamların törədildiyi qeyd olunmuşdur. Bildirilmişdir erməni silahlı dəstələri Anadoluda, o cümlədən İğdırda, Qarsda, Vanda və Ərzurumda da qanlı soyqırımları törətmişlər. Ermənilərin törətdiyi ən dəhşətli qətliamlardan biri də 1918-ci ildə azərbaycanlıların soyqırımıdır. 1918-ci ildə Bakıda minlərlə azərbaycanlını qətlə yetirən ermənilər eyni qanlı cinayətləri 1992-ci il fevralın 26-da Xocalıda törətmişlər. Bu həm insanlığa, həm də beynəlxalq hüquqa zidd şəkildə Azərbaycan torpaqlarını işğal altında saxlayan Ermənistanın xalqımıza qarşı cinayətkar əməllərini təkrarlamaması üçün bu faciələrin dünya ictimaiyyətinə çatdırılması vacibdir.
Azərbaycan və Türkiyənin sevincli və kədərli günlərdə bir-birinin yanında olduğunu vurğulayan S.Oğan müraciətdə bildirmişdir: “Bizə qarşı törədilən bu soyqırımlar tarixdən izimizi silə bilməmişdir. Bakıda üçrəngli Azərbaycan bayrağı, Ankarada uy-ulduzlu Türkiyə bayrağı dalğalandıqca heç bir qüvvənin buna gücü çatmayacaqdır. 1918-ci ilin 31 martında ermənilər tərəfindən törədilən soyqırımında qətlə yetirilmiş soydaşlarımızı rəhmətlə anırıq. 1918-ci ilin 31 martını nə unutmayacağıq, nə də unutdurmayacağıq”.