“Sinxua” agentliyi Azərbaycan-Çin münasibətlərinin yüksək səviyyəsindən bəhs edən material yayıb
Bakı, 1 aprel, AZƏRTAC
Azərbaycan ilə Çin arasında diplomatik münasibətlər yaradılmasının 25 illiyi ərəfəsində Çinin “Sinxua” agentliyi Azərbaycan Prezidenti Administrasiyasının xarici əlaqələr şöbəsi müdirinin müavini Ərəstü Həbibbəyli ilə müsahibə dərc edib.
AZƏRTAC xəbər verir ki, Ə.Həbibbəyli agentliyə eksklüziv müsahibəsində Azərbaycan ilə Çin arasında münasibətlərin yüksək siyasi dialoq və fəal iqtisadi əməkdaşlıq səviyyəsinə çatdığını vurğulayıb. O qeyd edib ki, aprelin 2-də iki ölkə arasında diplomatik münasibətlər yaradılmasının 25 illiyi tamam olur. Çin ilə Azərbaycanın dostluq və qarşılıqlı səmərəli tərəfdaşlıq prinsiplərinə əsaslanan əlaqələri həmişə uğurla inkişaf edib.
Prezident Administrasiyasının nümayəndəsi daha sonra bildirib ki, hər iki ölkə müxtəlif beynəlxalq nəqliyyat və logistika layihələri sahəsində əməkdaşlığın böyük potensialını reallaşdırmaq üçün fəal iş aparır.
“İpək Yolu iqtisadi qurşağı” təşəbbüsündə ölkəmizin mühüm element olduğunu vurğulayan Ə.Həbibbəyli əlavə edib ki, bu layihə sənaye sahəsində əməkdaşlıq baxımından Azərbaycan üçün çox böyük imkanlar yaradacaq. O deyib: “Çin ilə Azərbaycan arasında əlaqələr sürətlə inkişaf edir və Azərbaycan XXI əsrin ən böyük təşəbbüslərindən biri olan “İpək Yolu” layihəsində qiymətli tərəfdaşa çevrilmək üçün böyük potensiala malikdir.
2015-ci ilin dekabr ayında Prezident İlham Əliyevin Çinə dövlət səfərinin əhəmiyyətini vurğulayan Ə.Həbibbəyli qarşılıqlı səfərlərin iki ölkə arasında əlaqələrin inkişafına əlverişli şərait yaratdığını diqqətə çatdırıb.
“Sinxua” agentliyi, həmçinin məlumat verir ki, Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında diplomatik münasibətlər yaradılmasının 25 illiyi münasibətilə martın 30-da Bakıda təntənəli qəbul təşkil edilib.
Çin Azərbaycanın əsas ticarət tərəfdaşlarından biridir. 2016-cı ilin 9 ayı ərzində ÇXR Azərbaycanın ticarət dövriyyəsində beşinci yeri tutub. İndiyə qədər iki ölkə arasında 50-dən çox saziş imzalanıb. Azərbaycan Dövlət Gömrük Komitəsinin məlumatına görə, 2016-cı ilin yanvar-sentyabr aylarında Çin ilə Azərbaycan arasında əmtəə dövriyyəsinin həcmi 641,39 milyon dollar olub. Bu məbləğin 145,81 milyon dolları Çinə ixracın payına düşür.