QAN YADDAŞI
Şirvanda “31Mart-Azərbaycanlıların Soyqırımı Günü tariximizin qanlı səhifəsidir” mövzusunda elmi-praktiki konfrans keçirilmişdir
Şirvan, 31 mart (AZƏRTAC). Yeni Azərbaycan Partiyası Şirvan şəhər təşkilatında “31 mart-Azərbaycanlıların Soyqırımı Günü tariximizin qanlı səhifəsidir” mövzusunda elmi-praktiki konfrans keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə “Soyqırımı məktəblilərin gözü ilə” rəsm sərgisi ilə tanış olmuşlar.
Toplantıda çıxış edən rayon icra hakimiyyətinin başçısı Mərdan Camalov bildirmişdir ki, on illiklər boyu ermənilərin xalqımıza qarşı həyata keçirdiyi soyqırımı siyasəti total ideoloji təcavüz və terrorla müşayiət olunmuşdur. Çar Rusiyası və SSRİ dövründə bu siyasət daha təhlükəli metodlarla davam etdirilmiş, Azərbaycanlıların deportasiyası və soyqırımı kütləvi hal almışdır.
Soyqırımı siyasəti nəticəsində yüz minlərlə azərbaycanlının qətlə yetirildiyini, müxtəlif təcavüzlərə məruz qaldığını və doğma torpaqlarından qovulduğunu diqqətə çatdıran M.Camalov, erməni millətçiləri tərəfindən bu siyasətin bu gün də davam etdirildiyini bildirmişdir.
Elmi-praktiki konfransda çıxış edənlər erməni millətçilərinin zaman-zaman azərbaycanlılara qarşı törətdiyi soyqırım siyasətini pisləmiş, düşmən tapdağı altında olan Azərbaycan torpaqlarının Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə geri qaytarılacağına əminliyini ifadə etmişlər.
Tədbir iştirakçıları adından dünyanın nüfüzlü beynəlxalq təşkilatlarına, hökumət və dövlət başçılarına, parlamentlərə azərbaycanlıların soyqırımı ilə bağlı müraciət qəbul edilmişdir.