Siyasi dialoqun inkişafı Azərbaycanda dövlət siyasətinin prioritet istiqamətlərindəndir
Bakı, 15 sentyabr, AZƏRTAC
Son 18 ildə həyata keçirilən daxili və xarici siyasət kursu Azərbaycanı dünyanın inkişaf etmiş dövlətləri sırasına çıxarıb. Prezident İlham Əliyev 2018-ci il prezident seçkilərindən sonra aprelin 18-də andiçmə mərasimində islahatların yeni dalğasının anonsunu verdi. Bundan qısa müddət sonra ölkənin ictimai-siyasi-mədəni həyatının hər bir sahəsini əhatə edən çoxşaxəli islahatların yeni mərhələsi başlandı. Dövlətimizin başçısı islahatlar modelindən söhbət açarkən demişdi: “Biz məqsədyönlü, düşünülmüş addımlar atırıq ki, ölkəmizin inkişafına yeni təkan verək, hələ də həll olunmamış problemləri həll edək, nöqsanları, xoşagəlməz halları, çatışmayan məqamları aradan götürək və bunu edirik”. Bu gün hakimiyyətin bütün qollarında-qanunverici, icraedici və məhkəmə hakimiyyətlərində islahatlar davam edir, prosesi daha da asanlaşdırmaq məqsədilə yeni hüquqi aktlar qəbul edilir.
AZƏRTAC xəbər verir ki, bunu Azərbaycan Azad Respublikaçılar Partiyasının sədri, siyasi elmlər üzrə fəlsəfə doktoru Kamil Seyidov bildirib.
Partiya sədri deyib ki, heç bir dövlət orqanı yenilənmə, islahat kursundan kənarda qalmır. Bu siyasi-hüquqi, institusional və kadr islahatlarının geniş vüsət alması dövlət idarəçiliyində çevikliyin və operativliyin təmin olunmasında mühüm rol oynayır. Prezident Administrasiyasında, Nazirlər Kabinetində, Milli Məclisin Aparatında, hüquq-mühafizə orqanlarında aparılan struktur və kadr islahatları hazırda öz müsbət nəticəsini büruzə verir.
O qeyd edib ki, 2019-cu ilin noyabrında Prezident Administrasiyasının yeni strukturu təsdiqlənib, ilk dəfə olaraq, Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsi yaradılıb. Bu, ölkə rəhbərliyinin siyasi partiyalarla müntəzəm işin aparılmasına, sağlam əməkdaşlıq münasibətlərinin qurulmasına, habelə Milli Məclis ilə daha müntəzəm əlaqələrin təşkilinə verdiyi əhəmiyyətdən irəli gəlir. Bu dəyişikliklər hər birimizin gözü önündə reallaşıb. Hər bir vətəndaşımızın rahat yaşaması, sərbəst fəaliyyət göstərməsi üçün təmin olunan rifah bugünkü Azərbaycan reallığının ən mühüm nemətlərindən biridir.
K.Seyidov bildirib ki, dövlətimizin başçısı hər addımında milli maraq və mənafeləri uca tutur, siyasi əqidəsindən, partiya mənsubiyyətindən asılı olmayaraq, ölkə vətəndaşlarının arzu və istəyini gerçəkləşdirmək üçün böyük əzmkarlıqla çalışır. Siyasi dialoqa geniş meydan verilməsi, iqtidar-müxalifət danışıqlarının müsbət nəticələri, taleyüklü məsələlərdə siyasi partiyalar arasında həmrəyliyin möhkəmləndirilməsi əldə olunan mühüm nailiyyətlərdir. Bütün bunlar, həmçinin Azərbaycanın gələcək inkişafında önəmli rol oynayacaq.
Partiya sədri olaraq siyasi dialoqların mütəmadi təşkil edilməsini yüksək qiymətləndirdiyini söyləyən K.Seyidov deyib ki, Ermənistan - Azərbaycan dövlət sərhədinin Tovuz rayonu istiqamətində baş vermiş hərbi təxribat zamanı müstəqillik tariximizdə ilk dəfə olaraq ölkədə fəaliyyət göstərən 43 siyasi partiya ümummilli məsələlərdə, dövlətçiliyimizin qorunmasında həmrəylik nümayiş etdirdi, Prezidenti, Ali Baş Komandanın ətrafında sıx birləşdi. Həmçinin Vətən müharibəsi dövründə də ölkədəki siyasi partiyaların həmrəyliyinin şahidi olduq.
Ölkədə fəaliyyət göstərən siyasi partiyalardan 45-nin rəhbərləri ilə birlikdə “Siyasi partiyalar: Zəfər, yeni reallıq və dialoq” mövzusunda görüşün keçirilməsini yüksək qiymətləndirən K.Seyidov bildirib ki, bu görüş siyasi sistemimizdə dialoq mühitinin daha da dərinləşməsi istiqamətində atılan növbəti mühüm addımlardan biridir. Bütün görülən işlər bir daha göstərir ki, siyasi dialoqun inkişafı Azərbaycanda dövlət siyasətinin prioritet istiqamətlərindəndir.