Siyəzəndə dama oyunu üzrə birinciliyin qalibləri mükafatlandırılıb
Siyəzən, 8 sentyabr, Elxan Yusifli, AZƏRTAC
Siyəzəndə “Heydər Əliyev İli”nə həsr olunmuş 14 yaşa qədər yeniyetmə oğlanlar və qızlar arasında dama oyunu üzrə rayon birinciliyinin qalibləri müəyyənləşib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin Siyəzən rayonu üzrə gənclər və idman sektorunun təşkilatçılığı ilə keçirilən yarışda 40-a yaxın yeniyetmə mübarizə aparıb.
Yarış yeniyetmələrin vətənpərvərlik və dövlətçiliyə sədaqət ruhunda tərbiyə olunması, stolüstü oyunların yeniyetmələr arasında təbliği, dama oyununa yeniyetmələrin marağının artırılması və yeniyetmələrin asudə vaxtlarının səmərəli təşkil edilməsi məqsədi daşıyıb.
İki gün davam edən birinciliyin yekun nəticəsinə əsasən, oğlanlar arasında Ağayev Fikrət I, Allahverdiyev Cahid II, Xəlilov Cəmil III yeri, qızlar arasında isə Həşimova Əsmənur I yeri, Kərimli Aliyə II yeri, Rəfiyeva Əsmənur III yeri tutub.
Mükafatlandırma mərasimində yer tutan iştirakçılar Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsi tərəfindən medal və müvafiq dərəcəli diplomlar ilə təltif olunublar.