Siyəzəndə şəhid İlqar Heybətovun ailəsi ziyarət edilib
Bakı, 5 aprel, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşları Birinci Qarabağ müharibəsinin şəhidi Heybətov İlqar Heybətağa oğlunun ailəsini ziyarət ediblər.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, Siyəzən rayonunda yaşayan ailə ilə görüşdə qəhrəman şəhidin xatirəsinin xalqımızın qəlbində əbədi yaşayacağı vurğulanıb, İlqar Heybətovun həyat yolundan, ölkəmizin ərazi bütövlüyünün müdafiəsi uğrunda döyüşlərdə göstərdiyi şücaətlərdən bəhs olunub.
1974-cü ildə anadan olan İlqar Heybətov 1991-ci ildə Siyəzən rayonunun Böyük Həmyə kənd orta məktəbini bitirib, 1993-cü ilin avqustunda hərbi xidmətə yola düşüb. Vətənimizin erməni işğalçılarından müdafiəsi uğrunda haqq savaşında iştirak edən İlqar Heybətov özünün qorxmazlığı, cəsurluğu ilə tanınıb.
O, Birinci Qarabağ müharibəsi zamanı Ağdərə-Ağdam bölgəsində gedən döyüşlərdə nümayiş etdirdiyi igidlik nümunəsi ilə seçilib. 1994-cü ilin aprelində itkin düşüb. İlqar cəsur və qəhrəman döyüşçü kimi xatirələrdə yaşayır.
Digər şəhid ailələri kimi İlqar Heybətovun ailəsinin də sosial müdafiəsinin gücləndirilməsi daim diqqət mərkəzində olub. Şəhid ailəsinə Prezidentin aylıq təqaüdü, ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilərək ödənilir. 2020-ci ildə imtiyazlı şəxs kimi mənzil növbəsinə götürülən ailənin sosial-məişət şəraitinin yaxşılaşdırılması məsələsinə də növbəlilik qaydasında baxılması nəzərdə tutulub.
Görüşdə ailənin bundan sonra da sosial dəstək tədbirləri ilə əhatə olunacağı bildirilib.