Siyəzəndə sərtləşdirilmiş karantin rejimi ilə əlaqədar polis əməkdaşları gücləndirilmiş iş rejimində çalışırlar
Bakı, 10 iyul, AZƏRTAC
Siyəzən Rayon Polis Şöbəsinin əməkdaşları sərtləşdirilmiş karantin rejiminin tələblərinə riayət olunması istiqamətində gücləndirilmiş iş rejimində çalışırlar.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba regional qrupundan AZƏRTAC-a verilən məlumata görə, polis əməkdaşları xidməti əraziyə ciddi nəzarət edir, avtopatrul və piyada marşrutları ilə xidmətlərini davam etdirirlər. Bundan əlavə, rayonların giriş və çıxışlarında müvəqqəti postlar qurulub, nəqliyyat vasitələrinin hərəkətinə ciddi nəzarət olunur.
Polis əməkdaşları tərəfindən xidməti ərazidə qaydaları pozaraq tibbi maskadan istifadə etməyən, eləcə də xüsusi SMS vasitəsilə icazə almadan yaşayış yerlərini tərk edən vətəndaşlar da aşkarlanıb. Qayda pozan həmin şəxslər Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə inzibati məsuliyyətə cəlb olunublar.