Sloveniyada peşəkar dağ-xizək idmançıları arasında “Xocalıya ədalət” marafonu keçirilib
Azərbaycanın Avstriya, Sloveniya və Slovakiyadakı səfirliyindən verilən məlumata görə, səfirliyin Sloveniyadakı ofisinin təşəbbüsü və Avstriyada yaşayan azərbaycanlı iş adamlarının dəstəyi ilə Avropanın ən məşhur Roqla dağ-xizək idman kompleksində “Xocalıya Ədalət” kompaniyası çərçivəsində bu ölkənin peşəkar dağ xizək idmançıları arasında “Ədalət naminə qaç” devizi altında “Xocalıya ədalət” marafonu keçirilib.
Əyinlərində “Xocalıya ədalət” yazılmış köynəklərlə xizək yürüşünə qatılan idmançılar içərisində qaliblərə səfirlik tərəfindən təsis olunmuş “Xocalıya ədalət” kubokları təqdim olunub.
Sloveniyanın Olimpiya Komitəsi rəsmilərinin, diplomatik korpus nümayəndələrinin, tanınmış idman ustalarının və media təmsilçilərinin iştirak etdiyi “Xocalıya ədalət” marafonunda Sloveniyanın yüzə yaxın dağ xizək idmançıları iştirak edib.
“Ədalət naminə qaç” marafonuna iştirakçı qismində Sloveniya parlamentinin deputatlarının və olimpiya komitəsinin nümayəndələrinin qatılması media təmsilçilərinin diqqət mərkəzində olub. 4 saat çəkən marafonda 2-ci yerə çıxmaqla “Xocalını tanı, haqsızlıqla üzləşmə” kubokuna sahib çıxan Sloveniya parlamentinin yuxarı palatasının deputatı Rudi Matyajiç bu il Azərbaycanın Sloveniyadakı diplomatik nümayəndəliyinin Xocalı soyqırımı ilə bağlı bu ölkənin parlamentinə təqdim etdiyi sənədlərin qəbul olunmasına səy göstərəcəyini və bununla da dünyada ədalət prinsiplərinin qorunmasına dəstək olacağını bəyan edib.
Sloveniyalı deputat Xocalı qurbanlarının xatirəsini bu sözlərlə yad edib: “Xocalı faciəsi dünya birliyinin ədalətsiz yanaşdığı dəhşətli qara tarix nümunəsidir. Bu baxımdan dünyada ən çox ədalət prinsipləri uğrunda mübarizə aparan qruplardan biri də idmançılardır. Mən həm həvəskar dağ xizək idmançısıyam, həm də parlament üzvüyəm. Mən də Azərbaycanın Sloveniyadakı diplomatik nümayəndəliyinin təşkil etdiyi “Xocalıya Ədalət” marafonuna qoşuldum. Çünki bir parlament təmsilçisi kimi, Azərbaycan xalqının üzləşdiyi Xocalı faciəsi, Qarabağ hadisələri ilə yaxından tanışam. Əminəm ki, dünya birliyi və beynəlxalq təşkilatlar bu haqsızlıqlara qarşı öz kəskin sözünü deyəcək. İnanıram ki, Sloveniya parlamenti Azərbaycan diplomatik nümayəndəliyinin bizə Xocalı soyqırımı ilə bağlı təqdim etdiyi sənədlər toplusunu müzakirəyə çıxaracaq və bu amansız faciəni soyqırımı aktı kimi qəbul edəcək”.
Qeyd edək ki, “Xocalıya ədalət” marafonu başa çatdıqdan sonra dağ xizək idmançılarına “Xocalını tanı, haqsızlıqla üzləşmə” kubok və pul mükafatlarının təqdimat mərasimi olub. Təqdimat mərasimində Azərbaycanın Avstriya, Sloveniya və Slovakiyadakı səfiri Qalib İsrafilov və səfirliyin əməkdaşı Azər Xudiyev çıxış edərək, 23 il bundan öncə ermənilərin Xocalı şəhərində törətdikləri misli görünməmiş vəhşiliklərdən söz açıblar.
Xocalı faciəsini qəddarlıq baxımından XX əsrin ən amansız soyqırımı aktı adlandıran Azər Xudiyev 1992-ci il fevralın 25-dən 26-na keçən gecə ermənilərin 613 nəfər dinc əhalini amansızcasına qətlə yetirdiklərini, onların arasında isə uşaqların, qadınların və yaşlı insanların olduğunu bildirib, indiyədək belə bir bəşəri cinayətə dünya birliyinin hüquqi siyasi qiymət verməməsini tarixi ədalətsizlik kimi qiymətləndirib. O, öz çıxışında daima ədalət prinsipləri uğrunda mübarizə aparan idmançıları harada olmalarından asılı olmayaraq “Xocalıya ədalət” tələbini həyat kredolarına çevirmələrini xahiş edib.
Sonra tədbirə qatılanlar Heydər Əliyev Fondunun dəstəyi ilə hazırlanan “Xocalı harayı” filminə baxmaqla beynəlxalq aləmdə yazıq və məzlum libasına bürünən erməni hiyləgərliyinin vəhşilik obrazı ilə tanış olublar.
Tədbirin ən diqqətəlayiq hissəsi isə Azərbaycan səfirliyinin sifarişi əsasında Maribor şəhər milli folklor ansamblının hazırladığı “İşıqlı həyata iblis hücumu” bədii kompozisiyasının nümayiş etdirilməsi olub.
Elgün Niftəliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Vyana