CƏMİYYƏT
Sosial Xidmətlər Agentliyi tərəfindən 20 minə yaxın şəxsə sosial xidmətlər göstərilib VİDEO

Bakı, 27 dekabr, AZƏRTAC
Sosial Xidmətlər Agentliyinin bütün ölkəni əhatə edən 12 filialı, eləcə də 13 müəssisəsi bütün yaş kateqoriyalarından olan əhaliyə səyyar və stasionar xidmətlər göstərilir. Ümumilikdə agentlik bu il ərzində həssas əhali qruplarından olan 20 minə yaxın şəxsə səyyar və stasionar sosial xidmətlər göstərib.
AZƏRTAC xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədri Vüqar Behbudov 2022-ci ilin yekunlarına həsr olunan mətbuat konfransında deyib.
V.Behbudov şəhid ailələri və müharibə əlillərinin mənzillə təminatı məsələsinə toxunaraq deyib: “Zəfərimizlə başa çatan 44 günlük Vətən müharibəsindən sonra Prezident İlham Əliyevin göstərişinə əsasən şəhid ailələri və müharibə iştirakçıları ilə bağlı genişmiqyaslı sosial dəstək proqramının bir istiqaməti kimi, şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə 4 min 300, ümumilikdə ötən dövrdə isə 13 min 100 mənzil və fərdi ev verilib. İmtiyazlı kateqoriyadan olan digər vətəndaşların da mənzillə təmin edilməsi istiqamətində işlər davam etdirilib. Prezident İlham Əliyevin xüsusi qayğısı Çernobıl hadisələri ilə əlaqədar əlilliyi olan şəxslərlə bağlı sosial müdafiə tədbirlərinin də ildən-ilə güclənməsinə imkan verib. Həmin şəxslərə ötən il 258, son iki ildə isə 331 mənzil təqdim edilib. Paralel olaraq gözdən əlilliyi olan şəxslərin də sosial təminatı mütəmadi olaraq gücləndirilir, onların mənzillə təminatı həyata keçirilir. Son illərdə həmin kateqoriyadan olan şəxslər üçün Bakının Nərimanov rayonunda 132 mənzilli yaşayış binası tikilərək istifadəyə verilib. Keçən il və bu ilin ötən dövründə isə gözdən əlilliyi olan şəxslərə Bakı şəhəri və Abşeron rayonundakı yeni yaşayış komplekslərindən 450-dən çox mənzil təqdim edilib və proses davam etdirilir. Nazirlik tərəfindən dövlət uşaq müəssisələrinin məzunu olan, hər iki valideynini itirmiş və valideyn himayəsindən məhrum şəxslərin sosial-məişət şəraitlərinin yaxşılaşdırılması istiqamətində də işlər aparılır. Son iki ildə həmin kateqoriyadan olan şəxslərə 272 mənzil təqdim edilib.
Müharibə əlillərinin sosial təminatı proqramı çərçivəsində digər vacib istiqamət onların avtomobillə təminatıdır. Bu il 160, postmüharibə dövründə 324 avtomobil, ümumilikdə isə ötən dövr ərzində həmin kateqoriyadan olan vətəndaşlara 7 min 500 avtomobil verilib”.