“Sotheby's” XVIII əsrə aid brilyant boyunbağını hərraca çıxarır
Bakı, 25 sentyabr, AZƏRTAC
“Sotheby's” auksion evi noyabr ayında Avropa aristokratiyasının şah əsəri olan və Britaniya kral ailəsinin tarixində müəyyən rol oynayan qeyri-adi brilyant dəstinin hərracı ilə tarix yazmağa hazırlaşır.
AZƏRTAC “Sotheby's”in rəsmi saytına istinadla xəbər verir ki, 1789-cu il Fransa inqilabından on il əvvəl hazırlanmış XVIII əsrə aid, çəkisi 300 karat olan zərgərlik məmulatı təqribən 2,8 milyon dollar qiymətinə hərraca çıxarılacaq.
Ehtimal olunur ki, brilyant daşlardan bəziləri Fransanın xalq arasında populyar olmayan sonuncu kraliçası Mari Antuanettanın reputasiyasına xələl gətirən bədnam “Brilyant boyunbağı işi”nin bir hissəsi ola bilər.

Hər ucu almaz qotazlı üç sıra brilyantdan ibarət olan parça, demək olar ki, yarım əsrdən sonra “Sotheby's”in London sərgi salonunda ilk dəfə ictimaiyyətə nümayiş etdirilib.
“Royal and Noble Sotheby's”in Avropa və Yaxın Şərq üzrə sədri və satış rəhbəri deyib: “Bu, çox nadir nümunədir, çünki almazlar həmişə təkrar istifadə olunub və Hindistandakı Qolkonda mədənləri hələ XVIII əsrin sonunda fəaliyyətini dayandırıb. Yalnız kral ailəsinin üzvləri və ya ən yüksək aristokratiyaya məxsus olanlar belə bir boyunbağı taxa bilərdi, çünki bu, almazdan ibarət bir sərvət dəyərində idi. Adətən olduğu kimi, ən son məqamda onun kimə məxsus olduğunu öyrənə biləcəksiniz”.
Bu tarixi brilyant daş-qaşın qlobal turu Londondan başlayır və “Sotheby's”in Honkonq, Nyu-York, Sinqapur, Taypey və Dubaydakı məkanlarında davam edəcək. Hər bir dayanacaq kolleksiyaçılara və bilicilərə Avropa tarixinin bu parlaq simvolunu noyabrın 11-də Cenevrədə hərraca çıxarılmazdan əvvəl görməyə imkan verəcək.