Soyğunçuluq etdiyinə görə tutulmuş şəxsin aptekdən pul oğurlaması da müəyyənləşdirilib
Bakı, 8 aprel, AZƏRTAC
Bakıda soyğunçuluq və oğurluqla məşğul olan şəxslər polis tərəfindən yaxalanıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, soyğunçuluq etdiyinə görə tutulmuş V.Hüseynovun ətrafında Binəqədi Rayon Polis İdarəsinin 4-cü polis şöbəsinin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun fevralın 14-də rayondakı apteklərin birindən 862 manat oğurlaması da müəyyənləşdirilib.
Aprelin 6-da Yasamal rayonunda “BMW” markalı avtomobildən 7300 ABŞ dollarını oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri A.Mehrəliyev və K.Qurbanov rayon polis idarəsinin 28-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində tutulub.
Hər iki faktla bağlı araşdırmalar davam edir.