Startap layihələrinə dəstəyin genişləndirilməsi ilə bağlı müzakirələr aparılıb
Bakı, 28 fevral, AZƏRTAC
Fevralın 28-də İqtisadiyyat Nazirliyinin təşkilatçılığı ilə “Startap layihələrinin dəstəklənməsi və maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsi” mövzusunda konfrans keçirilib.
AZƏRTAC xəbər verir ki, konfransda müvafiq dövlət qurumlarının, İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondu ilə əməkdaşlıq edən müvəkkil kredit təşkilatlarının, startap layihələrinin dəstəklənməsi ilə birbaşa əlaqədar olan qurumların nümayəndələri, iş adamları və gənc startapçılar iştirak edib.
İqtisadiyyat nazirinin müavini Sahib Məmmədov diqqətə çatdırıb ki, ölkədə biznes və investisiya mühitinin davamlı olaraq yaxşılaşdırılması, sahibkarlığın inkişafı Prezident İlham Əliyevin müəyyən etdiyi sosial-iqtisadi inkişaf strategiyasının prioritet istiqamətlərindəndir. Dövlət başçısının tapşırıq və tövsiyələrinə uyğun olaraq, gənclərin intellektual və yaradıcı potensialının, biznes ideyalarının reallaşdırılması üçün dövlət dəstəyi mexanizmlərinin təkmilləşdirilməsi, onlara daha əlverişli şəraitin yaradılması, xüsusilə regionlarda yaşayan gənclərin iqtisadi sahədə fəallığının artırılması istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilir.
Bildirilib ki, gənclərin sosial-iqtisadi həyatda daha fəal iştirakının stimullaşdırılması onların innovativ yanaşmalar və biliklər əldə etməsini şərtləndirir. Korporativ sosial məsuliyyət prinsipinə uyğun olaraq gənclərin müəlliflik etdiyi startapların dəstəklənməsi istiqamətində işlər aparılır.
S.Məmmədov bu istiqamətdə təşkil ediləcək müsabiqə barədə də ətraflı məlumat verib və startapların daha geniş şəkildə təşviq ediləcəyini vurğulayıb.
Tədbirdə diqqətə çatdırılıb ki, yaxın vaxtlarda İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondunda “Sahibkarlara Xidmət Mərkəzi” və “Biznes İnkubasiya Mərkəzi” fəaliyyətə başlayacaq. Bu mərkəzlər sahibkarların güzəştli kreditlərə çıxış imkanlarının genişləndirilməsi, onların maarifləndirilməsi, əməkdaşlıq əlaqələrinin inkişafı, startapların dəstəklənməsində əhəmiyyətli olacaq.
İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) idarə heyəti sədrinin müavini Elçin İbrahimov ölkədə sahibkarlığın, xüsusilə də kiçik və orta biznesin inkişafı məqsədilə yaradılmış KOBİA-nın fəaliyyəti barədə məlumat verərək agentliyin hazırda regionlarda fəaliyyət göstərən “KOB Dostu” vasitəsilə sahibkarlara məsləhət, informasiya və digər xidmətlər göstərdiyini, müxtəlif dəstək mexanizmlərinin, eləcə də “KOB evi”nin yaradılması, ölkə regionları üzrə “KOB Dostu” şəbəkəsinin genişləndirilməsi istiqamətində tədbirlərin davam etdirildiyini qeyd edib.
Sonra İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondunun əməkdaşları iştirakçılara fondun fəaliyyəti, startaplarla bağlı beynəlxalq təcrübə, startapların dəstəklənməsi istiqamətində görülən işlər barədə məlumat veriblər.
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin yanında İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun icraçı direktoru Azər Bayramov qrant və digər mexanizmlər vasitəsilə dəstək göstərilmiş startapçılar barədə məlumat verib.
Tədbirdə startapçılar yeni layihələrini təqdim ediblər. Həmçinin gənc sahibkar və startapçıların təklifləri dinlənilib, startapçılar ilə investorlar arasında işgüzar münasibətlərin qurulması, yeni ideyaların reallaşdırılması istiqamətində müzakirələr aparılıb. Startapçılar onlara göstərilən dəstəyə görə ölkə başçısına minnətdarlıqlarını bildiriblər.