Startaplar haqqında heç kimin demədiyi həqiqətlər
Bakı, 27 iyul, AZƏRTAC
İnnovasiyalar Agentliyi startaplar haqqında heç kimin demədiyi bəzi həqiqətləri yayıb.
AZƏRTAC startapların uğurlu olması üçün agentliyin tövsiyələrini təqdim edir.
İnnovasiyalar Agentliyi startapların uğur yolundakı 4 amilin önəmli olduğunu vurğulayıb.
- Eqonu kənara qoymaq
- Təslim olmamaq
- Boş xəyallara dalmayıb realist olmaq
- Daim öyrənmək.
Əgər uğurlu startapların inkişaf yolunu analiz etsək, onların çox maneələrlə rastlaşdıqlarını müşahidə edərik. Bu yolda dözümlü, eqosuna qalib gəlməyi bacaran, təslim olmayan və daim inkişaf edənlər qalib gəlir. Bu fikir az qala bütün startapların şüarına çevrilib: “Yox” cavabı eşidib ruhdan düşmək olmaz. Əgər siz 10 min yox, cəmi bir neçə dəfə “yox” cavabı eşitməklə və ya bir neçə problemlə rastlaşmaqla təslim olursunuzsa, deməli nə sahibkarlıq, nə də startap aləmi üçün hazırsınız. Yaxud da startap aləmi haqqında yanlış inanclarınız var.
Startapın investisiya cəlb etmə şansı cəmi 3 faizdir. 1000 startapdan cəmi 3 startapın investisiya cəlb etməsi çox yaxşı nəticə sayılır. Hazırda isə hər 2 min startapdan cəmi bir və ya iki startap investisiya qazanır. Bu o demək deyil ki, qalan 1999 startap yox olur. Yerdə qalan startaplar dünya miqyasına çıxmasalar da, stabil gəlirə malik güclü biznesə çevrilə bilirlər.
“Google”, “Hotmail” və digər məşhur şirkətlər də zamanında investorlardan dəfələrlə “yox” eşidib.