REGİONLAR
Su ehtiyatlarından səmərəli istifadə edilməlidir
Füzuli, 4 aprel, Aydın Yavərzadə, AZƏRTAC
Füzuli rayonunda hüquq-mühafizə orqanlarının, rayon icra hakimiyyətinin məsul əməkdaşlarının, aidiyyəti dövlət qurumlarının, inzibati ərazi dairələri üzrə nümayəndələrin və bələdiyyələrin iştirakı ilə “Su ehtiyatlarından səmərəli istifadə günün tələbidir” mövzusunda müşavirə keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, müşavirədə son illərdə müşahidə olunan qlobal iqlim dəyişikliyi və orta temperaturun yüksəlməsi, əsasən qonşu ölkələrdən daxil olan yerüstü su ehtiyatlarının, çaylarda sululuğun və yağıntıların xeyli azalmasından danışılıb. Həmçinin ölkə iqtisadiyyatının, o cümlədən kənd təsərrüfatının inkişafı, əkin sahələrinin, suvarma və içməli su təchizatı şəbəkələrinin genişləndirilməsi nəticəsində suya tələbatın artmasının Füzuli rayonunda da su ehtiyatlarından səmərəli istifadəni zərurətə çevirdiyi bildirilib.
Müşavirədə Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev çıxış edərək, Prezident İlham Əliyev tərəfindən 2020-ci il aprelin 15-də “Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi ilə bağlı tədbirlər haqqında” Sərəncam imzaladığını xatırladıb, ölkə ərazisində su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi, su təsərrüfatının idarə olunmasının müsbət nəticələrindən danışıb.
Rayon ərazisində mövcud olan su ehtiyatlarının artırılması, istehlakçıların içməli su və suvarma suyu ilə təchizatının yaxşılaşdırılması məqsədilə aidiyyəti qurumlardan ibarət yaradılan qərargahda müzakirələr aparılıb. Müşavirə zamanı qərargahın üzvlərinə, hər bir ərazi vahidi üzrə müəyyən edilən suvarma qrafikinə riayət olunması, mütəmadi olaraq monitorinqlər keçirilməsi, suvarma suyunun əkin sahələrinə bərabər verilməsi tapşırılıb. Həmçinin qeyd olunub ki, suvarma suyunun ərazilərin ölçülərinə görə proporsional bölgü və növbəlik prinsipləri əsasında verilməsi məsələsi gündəlik ciddi nəzarətdə saxlanılmalı, su istifadəçilərindən daxil olan şikayətlərə operativ baxılmalı, su israfçılığına, habelə qrafikin pozulmasına yol verən şəxslər barədə qanunvericiliklə müəyyən edilmiş tədbirlər görülməlidir.