SÜLEYMAN RÜSTƏMİN XATİRƏSİ ANILMIŞDIR
XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi Süleyman Rüstəmin 100 illik yubileyi ilə bağlı keçirilən anma mərasimində Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anar, xalq şairləri Qabil, Fikrət Qoca böyük ustadın həyat və yaradıcılığından danışmış, onun zəmanəsinin ən incə zövqlü liriklərindən biri olduğunu, Cəfər Cabbarlı, Səməd Vurğun, Mikayıl Müşfiq, Rəsul Rza kimi qələm və məslək dostları ilə birlikdə Azərbaycan ədəbiyyatının inkişafındakı böyük xidmətlərini diqqətə çarpdırmışlar. Bildirilmişdir ki, hansı formada, ölçüdə, hətta çoxlarının dönə-dönə qələm işlətdiyi mövzuda belə yazırsa yazsın, şairin əsərlərində həmişə məhz onun yaradıcılığına məxsus Süleyman Rüstəm çaları, həyatsevərlik ruhu duyulmuşdur. Qədirbilən Azərbaycan xalqı yaşadıqca, Süleyman Rüstəmin adı, şeirləri də yaşayacaqdır.
Xalq şairinin oğlu Azad Rüstəmzadə ümummilli lider Heydər Əliyevin onun atasına daim diqqət və qayğı ilə yanaşdığını söyləmiş, Prezident İlham Əliyevin Süleyman Rüstəmin 100 illik yubileyi ilə əlaqədar fevralın 6-da imzaladığı Sərəncamı böyük şairin yaradıcılığına dövlət qayğısı kimi qiymətləndirmiş, ailə üzvləri adından tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirmişdir.