SULTAN QASIMOV: “AZƏRBAYCAN İLƏ SVERDLOVSK VİLAYƏTİ ARASINDA MÜNASİBƏTLƏR UĞURLA İNKİŞAF EDİR”
Moskva, 29 dekabr (AZƏRTAC). Azərbaycanın Yekaterinburqdakı baş konsulu Sultan Qasımov AZƏRTAC-ın xüsusi müxbirinə demişdir: “Azərbaycan ilə Sverdlovsk vilayəti arasında münasibətlər çox uğurla inkişaf edir və onların yaxşı gələcəyi vardır”. S.Qasımovun sözlərinə görə, Azərbaycan ilə Rusiyanın ən iri regionlarından biri arasında qarşılıqlı münasibətlər vilayət hökuməti ilə Azərbaycan hökuməti arasında ticarət-iqtisadi, elmi-texniki və mədəni əməkdaşlıq haqqında 2006-cı ilin fevralında imzalanmış sazişə əsaslanır.
Sultan Qasımov vurğulamışdır ki, Azərbaycanın Yekaterinburqda diplomatik nümayəndəliyi açılandan Ural regionu ilə ölkəmiz arasında intensiv və səmərəli əməkdaşlıq dövrü başlanmışdır. Nümayəndəliyin açıldığı üç ay ərzində regionla tanışlıq işləri aparılmışdır. S.Qasımov demişdir: “Bu dövrdə Sverdlovsk vilayətinin rəhbərliyi, o cümlədən vilayətin qubernatoru Aleksandr Mişarin, digər yerli və federal hakimiyyət orqanlarının nümayəndələri, habelə Azərbaycan diasporunun üzvləri ilə görüşlər keçirilmişdir. Bundan əlavə, Sverdlovsk vilayətinin iqtisadi və mədəni potensialı, qarşılıqlı fəaliyyətin perspektivli istiqamətləri müəyyənləşdirilmişdir.
Səmimi dostluq şəraitində keçən bütün görüşlərdə gələn il imzalanmış sazişlər çərçivəsində əməkdaşlığın inkişafına dair konkret tədbirlər planı hazırlanmasının və ənənəvi dostluq əlaqələrimizin dərinləşdirilməsinin vacibliyi vurğulanmışdır”.
Xatırladaq ki, Yekaterinburq Rusiyanın Moskvadan və Sankt-Peterburqdan sonra Azərbaycanın diplomatik missiyası açılmış üçüncü şəhərdir.
Asya Hacızadə
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva