Sumqayıt gənclərinin Vətən müharibəsi qaziləri ilə görüşləri davam edir
Sumqayıt, 23 dekabr, Ətrabə Rzayeva, AZƏRTAC
Torpaqlarımızın azadlığı uğrunda gedən 44 günlük döyüşlər zamanı öz canlarını sipər edən və yaralanan, hazırda evlərində müalicəsini davam etdirən qazilərlə Sumqayıt gənclərinin növbəti görüşləri keçirilib.
AZƏRTAC xəbər verir ki, şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə reallaşan görüşlərdə qazilər onlara göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə təşəkkürlərini bildiriblər. Qazilərdən Qəhrəman Ağacanov, Elvin Məmmədov, Hüseyn Ağayev döyüş təəssüratlarını bölüşərək, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılan böyük qələbənin hərb tariximizdə şanlı səhifə təşkil etdiyini vurğulayıblar.
Şəhər Gənclər İdman Baş İdarəsinin rəisi Elgün Hümbətov bu şanlı zəfərdə Azərbaycan gəncliyinin xüsusi rolu olduğunu qeyd edib və qazilərə şəhər gəncləri və idman ictimaiyyəti adından minnətdarlığını bildirib.
Qeyd olunub ki, Vətən müharibəsi başlayan gündən sumqayıtlılar da həm ön, həm də arxa cəbhədə ordumuza dəstək olub, hərbçilərin qayğıları ilə maraqlanıblar. Vətənimizin azadlığı uğrunda canından keçmiş şəhidlərimiz görüşlərdə yad edilib, hər bir vətəndaşın qəhrəman oğullarımızla fəxr etdiyi qürur hissi ilə vurğulanıb.