Sumqayıt şəhərində Silahlı Qüvvələr Günü münasibətilə tədbir keçirilib
Sumqayıt, 26 iyun, Ətrabə Rzayeva, AZƏRTAC
Qubadlı rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə iyunun 26-da Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü münasibətilə Sumqayıt şəhərində yerləşən Şəhidlər Xiyabanında tədbir keçirilib. Tədbirdə Qubadlı rayon İcra Hakimiyyətinin məsul işçiləri, idarə, müəssisə və təşkilat rəhbərləri, Vətən müharibəsi iştirakçıları və hərbi qulluqçular iştirak ediblər.
AZƏRTAC xəbər verir ki, şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib və məzarları üzərinə gül dəstələri qoyulub.
Silahlı Qüvvələrin yaranmasının 103-cü il dönümü münasibətilə təbrikdən sonra ölkəmizdə ordu quruculuğu ilə bağlı görülən işlər barədə məlumat verilib. Bildirilib ki, ulu öndər Heydər Əliyev hələ SSRİ dövründə və müstəqillikdən sonra Azərbaycana rəhbərlik edərkən ordu quruculuğu, hərbi kadrların hazırlığı məsələsinə xüsusi diqqət yetirib. Ümummilli lider 1971-ci ildə böyük səylər nəticəsində general Cəmşid Naxçıvanski adına hərbi məktəbin açılmasına nail oldu. Eyni zamanda, Heydər Əliyev azərbaycanlı gənclərin Bakı Ali Birləşmiş Komandanlıq və Bakı Ali Hərbi Dənizçilik məktəblərində və eləcədə SSRİ-nin digər məktəblərində oxuması üçün tədbirlər gördü.
Qeyd edilib ki, Ulu Öndərin SSRİ dövründəki ordu quruculuğu siyasəti müstəqillik qazandıqdan sonra da öz bəhrəsini verib. Ali Baş Komandan İlham Əliyev ümummilli liderin ideyalarını layiqincə yerinə yetirərək, ordu quruculuğu sahəsində öz səylərini daha da artıraraq Azərbaycan Silahlı Qüvvələrinin müasir hərbi texnika ilə təchiz edilməsinə, möhkəm nizam-intizam, yüksək döyüş ruhu ilə seçilən, düşmənə sarsıdıcı zərbə vurmağa qadir olan bir ordu yaradılmasına nail olub. Elə 44 günlük Vətən müharibəsində müzəffər Ordumuz tərəfindən torpaqlarımızın işğaldan azad olunması və erməni qəsbkarlarına verilən tutarlı cavab bir daha bizim ordumuzun nəyə qadir olduğunu bütün dünyaya göstərdi. Vətən müharibəsində Qubadlı rayonundan olan hərbi qulluqçular və könüllülər də böyük qəhrəmanlıq və şücaət göstərdilər. Vətən müharibəsində Qubadlı rayonundan 10 nəfər qəhrəmancasına şəhid oldu, 50-dən çox müharibə iştirakçısı yaralandı. Milli Qəhrəmanı Şükür Həmidov döyüşlər zamanı xüsusi qəhrəmanlıq göstərərək şəhidlik zirvəsinə ucaldı. Vətən müharibəsində rayonumuzdan 3 nəfər Polkovnik-leytenant Faiq Qasımov, mayor Vüqar Ağayev (ölümlərindən sonra) və əsgər Vüsal Yaqubov “Vətən Müharibəsi Qəhrəmanı adına” layıq görülmüşlər. Silahlı Qüvvələrin general-mayoru, 2-ci Ordu korpusu komandiri Mais Bərxudarov yüksək döyüş hazırlığı və cəsarət nümayiş etdirdi. Müharibə iştirakçılarının qəhrəmanlığı və şücaəti Prezident, Ali Baş Komandan İlham Əliyev tərəfindən yüksək qiymətləndirildi. Dövlətimizin başçısının Sərəncamı ilə Qubadlı rayonundan olan 100-dən çox Vətən müharibəsi iştirakçısı medallarla, o cümlədən “Vətən müharibəsi Qəhrəmanı” adı, “Qarabağ” ordeni, “Zəfər” ordeni, “Azərbaycan Bayrağı” ordeni ilə təltif olundu.
Tədbir zamanı 10 nəfər şəhidin ölümündən sonra təltif olunduğu medallar ailə üzvlərinə təqdim edildi. Həmçinin 2 nəfər Vətən müharibəsi iştirakçısına da medal təqdim olundu. Medalların verilməsi bundan sonra da davam edəcək.
Şəhidlərin ailə üzvləri medalların verilməsinə və şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildirdilər.
Daha sonra tədbir iştirakçıları Bakı şəhərində yerləşən Şəhidlər xiyabanını ziyarət etdilər.