Sumqayıtda baldızını bıçaqlayan şəxsin tutulması istiqamətində təxirəsalınmaz tədbirlər davam etdirilir
Bakı, 10 iyul, AZƏRTAC
İyulun 9-da saat 21 radələrində Sumqayıt şəhəri Hacı Zeynalabdin Tağıyev qəsəbəsi ərazisində 1986-cı il təvəllüdlü Ramilə Quliyevaya yaşadığı evdə çoxsaylı xəsarətlər yetirilməsi barədə daxil olan məlumat əsasında prokurorluq və polis əməkdaşları tərəfindən dərhal hadisə yerinə baxış keçirilib.
Sumqayıt Şəhər Prokurorluğunun AZƏRTAC-a daxil olan məlumatında bildirilir ki, araşdırmalarla Sumqayıt şəhər sakini 1988-ci il təvəllüdlü Anar Əlizadənin baldızı - 1986-cı il təvəllüdlü Ramilə Quliyevaya aralarında yaranmış mübahisə zamanı hazırda istintaqa məlum olmayan kəsici-deşici alətlə xəsarətlər yetirməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin olunub.
İş üzrə hadisənin şahidləri müəyyənləşdirilərək dindirilib, o cümlədən digər təxirəsalınmaz istintaq hərəkətləri həyata keçirilib.
Hazırda prokurorluq və polis əməkdaşları tərəfindən Anar Əlizadənin tutularaq istintaqa cəlb olunması istiqamətində təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.