Sumqayıtda keçirilən III Uşaq Paralimpiya İdman Oyunlarının qalibləri mükafatlandırılıb
Sumqayıt, 11 dekabr, Ətrabə Rzayeva, AZƏRTAC
Dekabrın 11-də Sumqayıt şəhərində yerləşən Respublika Paralimpiya İdman Kompleksində UNICEF-in Azərbaycan nümayəndəliyinin və “Azercell Telecom” MMC-nin dəstəyi ilə III Uşaq Paralimpiya İdman Oyunları keçirilib.
AZƏRTAC xəbər verir ki, oyunların açılış mərasimində Milli Paralimpiya Komitəsinin prezidenti İlqar Rəhimov, “Azercell Telecom” MMC-nin prezidenti Vahid Mürsəliyev, UNICEF-in Azərbaycan nümayəndəliyinin rəhbəri Edvard Karvardin, Paralimpiya Oyunları çempionu İlham Zəkiyev, Gənclər və İdman Nazirliyinin, Olimpiya Komitəsinin, idman federasiyalarının nümayəndələri, qeyri-hökumət təşkilatlarının rəhbərləri və uşaq paralimpiya hərəkatının yaradılmasında xüsusi əməyi olan Kanadadan ölkəmizə gəlmiş UNICEF-in beynəlxalq eksperti Kolin Higgis iştirak ediblər.
Oyunlardan öncə dövlət himni səsləndirilib, əyləncəli musiqili proqram təşkil olunub.
İdmançıların parad keçidindən sonra Naxçıvan Muxtar Respublikası da daxil olmaqla, 8 regiondan sağlamlıq imkanları məhdud 111 uşaq yeddi idman növündə (boça, cüdo, üzgüçülük, qolbol, stolüstü tennis, parataekvondo və əlil arabasında idman rəqsi) 22 dəst medal uğrunda mübarizə aparıblar.
Əlil arabasında idman rəqsi növü üzrə Rəsul Zəkiyev və Diana Batakova cütlüyü, oğlanlar arasında cüdo idman növü üzrə 46 kiloqram çəkidə İlkin Zəkiyev, 55 kiloqram çəkidə Elsevər Allahverdiyev, 60 kiloqram çəkidə Samir Alverdiyev, +66 kiloqram çəkidə Ramil Alverdiyev, qızlar arasında cüdo idman növü üzrə 50 kiloqram çəkidə Həcər Mirzəyeva, üzgüçülük idman növü üzrə S1/S2 kateqoriyasında Könül Süleymanova, S3/S4 kateqoriyasında Agil Nəsibov, S5/S6 kateqoriyasında Hüseyn Əmirzadə, S8 kateqoriyasında Əli Vəliyev, S9 kateqoriyasında Fərid Novruzzadə, S11 kateqoriyasında İbrahim Mirzəyev, sərbəst kateqoriyada Nihat Quliyev, boça idman növünün BC1/BC2 kateqoriyasında Rüfət Bayramov, BC4 kateqoriyasında Fidan Səfquliyeva, stolüstü tennis idman növü üzrə 12 yaşadək kateqoriyasında Urfan Əsədli, 12 yaşdan yuxarı kateqoriyada Aytac Qasımova, qolbol idman növü üzrə Turan Novruzov, Leysan Rzayev, Vurğun Həsənov, parataekvondo idman növü üzrə isə 45 kiloqram çəkidə Amin Şıxəliyev, 21 kiloqram çəkidə Rəsul Sovetzadə, 33 kiloqram çəkidə Məhəmməd Ağayev və 25 kiloqram çəkidə Ayan Zamanlı birinci yerə sahib olublar.
Sonda qaliblər kubok, medal, diplomla təltif olunub, “Azercell Telecom” MMC və Milli Paralimpiya Komitəsi tərəfindən xüsusi hədiyyələrlə mükafatlandırılıblar.