SUMQAYITDA MİLLİ QURTULUŞ GÜNÜNƏ HƏSR OLUNMUŞ ELMİ-NƏZƏRİ KONFRANS KEÇİRİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, iyunun 13-də Sumqayıtdakı Üzeyir Hacıbəyov adına mədəniyyət sarayının konfrans salonunda əlamətdar hadisəyə - Milli Qurtuluş gününə həsr olunmuş elmi-nəzəri konfrans keçirilmişdir. Tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin xilaskar missiyasından söhbət açan “Qayıdış” videofilminə baxmışlar.
Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Vaqif Əliyev konfransı açaraq bildirmişdir ki, xalqımız iyunun 15-də Milli Qurtuluş gününü qeyd edəcəkdir. Düz 15 il əvvəl ulu öndər Heydər Əliyev xalqın iradəsi ilə siyasi hakimiyyətə qayıtmışdır. Şəhərin rəhbəri demişdir ki, Azərbaycanın intensiv inkişafı, iqtisadiyyatın artım sürəti, ölkəmizin regionda liderliyini təsdiq edən göstəricilər Heydər Əliyev siyasi xəttinin təntənəsidir. İndiki uğurların və nailiyyətlərin təməli məhz 1993-cü ildə ulu öndərin hakimiyyətə qayıdışından sonra qoyulmuşdur.
Tarix elmləri namizədi, Müəllimləri Təkmilləşdirmə İnstitutunun müəllimi Nərgiz Quliyeva, “Sumqayıt superfosfat” Səhmdar Cəmiyyətinin direktoru Eldar İsmayılov, təcili yardım xəstəxanasının həkimi Kifayət Vidadiyeva və 27 nömrəli orta məktəbin müəllimi Valid Mustafayev o dövrdə yaranmış siyasi vəziyyəti təhlil edərək, Milli Qurtuluş gününün tarixi əhəmiyyətini vurğulamış, həmin illərdə ölkəmizin keçdiyi kəşməkəşli yoldan danışmışlar. Bir daha vurğulanmışdır ki, sumqayıtlılar ulu öndərin siyasi xəttini layiqincə və qətiyyətlə davam etdirən, onun sarsılmazlığının qarantı olan Prezident İlham Əliyevi dəstəkləyir və ona etibar edirlər.