Sumqayıtda şəhid və qazi ailələri ziyarət edilib
Sumqayıt, 26 mart, Ətrabə Rzayeva, AZƏRTAC
Sumqayıt şəhərindən seçilmiş Milli Məclisin deputatı Hicran Hüseynova, Azərbaycan Sahibkar Qadınlar Assosiasiyasının və Bakı Tekstil Fabrikinin rəhbəri Səkinə Babayeva, “Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiyasiyası"nın İdarə Heyətinin üzvi Cəmilə Abdullayeva, AQSİA üzvləri Aynur Musayeva, Rübabə Mürşüdova bayram günlərində Sumqayıt şəhərində Böyük Qələbə ilə başa çatan Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan şəhid və həmçinin qazi ailələrini ziyarət ediblər.
Şəhid ailələrində olarkən dərin hüznlə şəhidlərimizi yad etdiklərini və qürur hissi duyduqlarını bildiriblər. Ziyarətçilər şəhidlərimizin ailələrinin bizə əmanət olduğunu qeyd edərək hər zaman ailələrin və şəhidlərimizdən yadigar qalan övladlarının tam dəstək olaraq yanlarında olacaqlarını diqqətə çatdırıblar.
Şəhidlərimizin ailələri işğalçı Ermənistan ordusu üzərindəki tarixi Qələbədən, bu Qələbədə şəhidlik zirvəsinə ucalan Vətən oğullarının göstərdikləri şücaətdən, oğullarının Vətənə, torpağa bağlı olan sevgisindən danışıblar.
Qazilərin və ailə üzvlərinin qayğıları ilə maraqlanıb, onların daim diqqətdə olacaqlarını bildiriblər. Bayram münasibətilə təbrik edərək, gələn bayramı işğaldan azad edilmiş Qarabağ torpaqlarında qeyd etmələrini arzulayıblar.
Daha sonra şəhid ailələrinin qayğıları ilə maraqlanıb, onların daim diqqətdə olacaqlarını bildiriblər.
Şəhid ailələləri və qazilərimiz Silahlı Qüvvələrimizin şərəfli döyüş yolundan danışıb, onları ziyarət etdikləri üçün təşəkkürlərini bildiriblər. Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın şəhid ailələrinə və qazilərə göstərdiyi diqqət və qayğıya görə minnətdarlıq ediblər.