Sumqayıtda yüksək balla tələbə adını qazanan tələbələrlə görüş keçirilib
Sumqayıt, 14 sentyabr, Ətrabə Rzayeva, AZƏRTAC
Sumqayıt üzrə ali məktəblərə qəbul imtahanlarında yüksək bal toplamış gənclərlə və şəhid ailələrinin şagird övladları ilə görüş keçirilib. Tədbirdə Sumqayıt Şəhər İcra Hakimiyyətinin və Abşeron-Xızı regional təhsil idarəsinin rəhbərlikləri, Milli Məclisin deputatı Müşfiq Məmmədli, təhsil işçiləri və şəhər ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
AZƏRTAC xəbər verir ki, görüş Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad etməsi ilə başlayıb.
Çıxış edən Abşeron-Xızı regional təhsil idarəsinin müdiri İlhamə Abdullayeva ötən tədris ilində ümumtəhsil məktəblərinin 11-ci sinfini bitirən 3789 nəfər məzundan 157-nin təhsilini əla qiymətlərlə başa vuraraq məktəbi fərqlənmə attestatı ilə, 19 nəfərin isə təhsildə xüsusi nailiyyətlərinə görə qızıl və gümüş nişanla bitirdiyini bildirib. Məzunlardan 3015 nəfəri ali təhsil müəssisələrinə sənəd verdiyini, onlardan 2448 nəfəri ali təhsil müəssisələrinə qəbul olunaraq tələbə adını qazandığını deyən İ.Abdullayeva, bu il ali təhsil müəssisələrinə qəbul faizinin şəhər üzrə 81 faiz olduğunu qeyd edib. Diqqətə çatdırılıb ki, ali məktəbə qəbul imtahanlarında iştirak edən məzunlardan 130 nəfər 600-dən yuxarı, onlardan 26 nəfəri isə 650-dən çox bal toplayıb.
“Məktəblərin uğurları yalnız universitetlərə qəbulla yekunlaşmır”, - deyən İ.Abdullayeva qeyd edib ki, sumqayıtlı şagirdlər ötən tədris ilində Respublika Fənn Olimpiadalarında da fəal iştirak edərək yüksək nəticələr qazanıblar. Belə ki, Sumqayıt şəhəri üzrə 40 şagird olimpiada qalibi olaraq müxtəlif medallara layiq görülüb. Onlardan 8 nəfər qızıl, 16 nəfər gümüş, 16 nəfər isə bürünc medal əldə edib.
Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov yüksək nəticələrlə tələbə adını qazanan məzunları təbrik edərək, xoş arzularını çatdırıb. O, gənclərin ali məktəb illərini səmərəli keçirərək yüksək biliyə yiyələnəcəklərinə, savadlı kadr kimi qayıdıb şəhərin inkişafına töhfə verəcəklərinə əminliyin ifadə edib.
Z.Fərəcov bildirib ki, şəhid ailələri hər zaman diqqət mərkəzində saxlanılır. Onların mənzil-məişət problemlərinin həlli istiqamətində mühüm addımlar atılır. Tədbirdə onların bu il birinci sinfə gedəcək övladlarının da iştirak etdiyini deyən icra başçısı, yeni tədris ilində orta məktəbə qədəm qoyan şəhid ailələrinin övladlarını təbrik edib, hədiyyələr verilib.
Görüşün sonunda bir qrup müəllim və 600-dən yuxarı bal toplayaraq ali məktəblərə qəbul olmuş tələbələr mükafatlandırılıblar.
Tədbir konsert proqramı ilə davam edib.