Sumqayıtdakı “Şəhidlər xiyabanı” memorial kompleksi yenilənir
Sumqayıt, 8 iyul, Ətrabə Rzayeva, AZƏRTAC
“Şəhidlər xiyabanı” Sumqayıt memorial kompleksində təmir, bərpa və yenidənqurma işlərinə start verilib.
AZƏRTAC xəbər verir ki, artıq orada söküntü işləri aparılır. İşlərin qısa müddətdə başa çatdırılması nəzərdə tutulub.
1992-ci ildə Sumqayıtda salınan Şəhidlər xiyabanında 510 şəhidimiz uyuyur. Burada həm də müharibədə itkin düşmüş Vətən oğullarının və Xocalı faciəsi qurbanlarının xatirəsinə də abidələr ucalır.
Aparılan işlər çərçivəsində Şəhidlər xiyabanında bir sıra dəyişikliklər həyata keçiriləcək. Belə ki, xiyabanın girişində ağır konstruksiyalı müxtəlif atributlar, fiqurlar yer alacaq. Orta hissədə daim Vətənin müdafiəsinə hazır olmanın dinamikasını göstərən əsgər heykəli qoyulacaq. Minadan gül, mərmidən yer kürəsi formatlı kompozisiya da inşa olunacaq. Bununla yanaşı, xiyabanda hündürlüyü 30 metrə çatacaq bayraq dirəyi ucaldılacaq. Sağ və sol hissədə müxtəlif atributların, fiqurların quraşdırılması da nəzərdə tutulur.