Sumqayıtın gənclər təşkilatları qarşıda duran vəzifələri müzakirə ediblər
Sumqayıt, 9 fevral, Ətrabə Rzayeva, AZƏRTAC
Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə Zoom platformasında reallaşan görüşdə şəhərin müxtəlif sahələrində fəaliyyət göstərən gənclər təşkilatları ilə 2020-ci il ərzində gənclərlə iş sahəsində görülmüş işlər, 2021-ci ildə qarşıda duran vəzifələr və perspektivlər müzakirə olunub.
Virtual görüş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Baş İdarənin rəisi Elgün Hümbətov ümummilli lider Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin gənclərə göstərdiyi diqqət və qayğıdan söz açaraq, dövlət başçısının 2017-ci il 15 sentyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə Dövlət Proqramı”nın digər bölgələrdə olduğu kimi, Sumqayıtda da uğurla həyata keçirildiyini, gənclərin vətənpərvərlik və vətəndaşlıq tərbiyəsinin gücləndirilməsi, elm, təhsil, mədəniyyət və incəsənət sahəsində yaradıcı və istedadlı gənclərin üzə çıxarılması, onlara dövlət qayğısının artırılması istiqamətində işlərin davam etdirildiyini bildirib.
Elgün Hümbətov bildirib ki, dövlətin gənclərə olan xüsusi diqqət və qayğısı 2020-ci ilin “Könüllülər ili” elan olunması ilə bir daha təsdiqləndi. İl ərzində gənclər təşkilatlarının fəallığının artırılması istiqamətində çoxsaylı tədbirlər keçirilib.
Qeyd olunub ki, 2020-ci ildə COVID-19 pandemiyası ilə mübarizə çərçivəsində Baş İdarənin təşkilatçılığı ilə reallaşan maarifləndirmə işlərində könüllülər fəallıq nümayiş etdiriblər. İdarə rəisi çıxışında gənclərimizin könüllülük fəaliyyətinin ən parlaq nümunəsinin 44 günlük şanlı Vətən müharibəsində bir daha sübut olunduğunu, xalqımızı əzəli və əbədi torpaqlarına qovuşduğunu diqqətə çatdırıb.
Görüşdə digər çıxış edənlər Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə 2020-ci ildə görülmüş işlər və 2021-ci ildə qarşıda duran vəzifələr, tədbirlər planı ilə bağlı fikirlərini, təkliflərini bildiriblər. Təşkilatın fəaliyyəti, maraq sahələrinə uyğun yaradılmış istiqamətlər, klublar, təkliflərin öyrənilməsi məqsədilə keçirilən tədbirlər və yeni təşəbbüslər haqqında məlumat veriblər.