SUMQAYITIN TİBB İŞÇİLƏRİ PEŞƏ BAYRAMINI ƏMƏKDƏ UĞURLARLA QARŞILAMIŞLAR
Tibb işçiləri gününə həsr olunmuş təntənəli yığıncağın iştirakçıları Azərbaycan xalqının ümummilli lideri Prezident Heydər Əliyevin nurlu xatirəsini birdəqiqəlik sükutla yad etmişlər.
İcra hakimiyyətinin başçısı Vaqif Əliyev, səhiyyə şöbəsinin müdiri Karlen Abbasov və başqaları çıxışlarında bildirmişlər ki, şəhərin 30 tibb müəssisəsində 5 minə yaxın tibb işçisi fəaliyyət göstərir. Onların arasında respublikanın əməkdar həkimləri, elmlər namizədləri, yüksək attestasiyalı həkimlər və ixtisaslı tibb heyəti var.
Çıxış edənlər Prezident Heydər Əliyevin respublikada səhiyyənin inkişafına daim diqqət göstərdiyindən danışaraq, tibb müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsində onun rolunu vurğulamışlar.
Yığıncaqda bildirilmişdir ki, icra hakimiyyətinin təşəbbüsü ilə son vaxtlar şəhərdə keçirilən pulsuz tibbi xidmət günləri sakinlər arasında böyük əks-səda doğurmuşdur. Səyyar ambulatoriyalar əhalinin sıx məskunlaşdığı və mərkəzdən uzaq mikrorayonlarda yaşayan 10 mindən çox adama xidmət göstərmişlər.
Fərqlənmiş tibb işçilərinə Sumqayıt İcra Hakimiyyətinin fəxri fərmanları və qiymətli hədiyyələr təqdim edilmişdir.