Suraxanı rayonunda Respublika Gününə həsr olunan konfrans keçirilib
Bakı, 28 may, AZƏRTAC
Mayın 27-də Suraxanı Rayon İcra Hakimiyyətinin və Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Abbasqulu Ağa Bakıxanov adına Tarix İnstitutunun birgə təşkilatçılığı ilə rayonun Heydər Əliyev Mərkəzində Respublika Gününə həsr olunan konfrans keçirilib.
Konfransda çıxış edən Suraxanı rayon icra hakimiyyətinin başçısı İlqar Abbasov qeyd edib ki, müsəlman Şərqinin ilk demokratik respublikası olan Azərbaycan Xalq Cümhuriyyəti mövcud olduğu 23 ay ərzində xalqa müstəqillik, azadlıq bəxş edib.
Azərbaycanın müstəqilliyini yenidən bərpa etdikdən sonra keçdiyi inkişaf yolundan danışan İ.Abbasov ölkədə iqtisadiyyatın yenidən qurulmasının, peşəkar ordunun yaradılmasının, hüquqi və demokratik dövlət quruculuğunun məhz ümummilli lider Heydər Əliyevin adı ilə bağlı olduğunu vurğulayıb.
O, həmçinin qeyd edib ki, Ulu Öndərin layiqli davamçısı olan Prezident İlham Əliyevin hakimiyyətə gəlişi ilə dövlət müstəqilliyinin qorunub möhkəmlənməsində, iqtisadiyyatın inkişafında, Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun möhkəmləndirilməsində yeni mərhələ başlanıb. Ulu öndər Heydər Əliyevin müəllifi olduğu və bu gün Prezident İlham Əliyev tərəfindən layiqincə davam etdirilən siyasət sayəsində ölkəmizin beynəlxalq mövqeləri daha da möhkəmləndirilib. Məhz bunun nəticəsidir ki, müasir Azərbaycan indi bir çox dövlətlərin strateji tərəfdaşıdır və beynəlxalq məsələlərdə söz sahibi olan ölkələrdən biridir.
Bakıda keçiriləcək birinci Avropa Oyunlarından danışan İ.Abbasov qeyd edib ki, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın sədri olduğu birinci Avropa Oyunları Təşkilat Komitəsi artıq bütün hazırlıq işlərini başa çatdırıb. Hazırlıq prosesində görülən işlər göstərir ki, Azərbaycan Avropa Oyunlarını ən yüksək səviyyədə və layiqincə təşkil edəcək.
Daha sonra çıxış edənlər Azərbaycan Xalq Cümhuriyyətinin yaranması və keçdiyi şərəfli yol, müstəqil dövlətimizin qurucusu olan ziyalılarımızın həyat və fəaliyyəti, cümhuriyyətin süqutunun səbəbləri barədə danışıblar.
Tədbir 270 nömrəli tam orta məktəbin şagirdlərinin hazırladığı ədəbi-bədii kompozisiya ilə davam edib.