Suraxanıda Xocalı faciəsinin 20-ci ildönümü ilə əlaqədar silsilə tədbirlər keçirilmişdir
Bakı, 24 fevral (AZƏRTAC). Xocalı soyqırımının 20-ci ildönümü ilə əlaqədar Suraxanı rayonunda silsilə tədbirlər keçirilmişdir.
Rayonun təşkilatlarında anma mərasimləri, “dəyirmi masa”lar, məktəblərdə xüsusi dərslər keçirilmişdir.
Fevralın 24-də Heydər Əliyev Mərkəzində Xocalı faciəsinə həsr olunmuş tədbir keçirilmişdir.
Tədbirdə iştirak edən rayon rəhbərliyi, ictimaiyyətin nümayəndələri, rayonda məskunlaşan Xocalılar əvvəlcə Heydər Əliyev mərkəzində “Rəsm” dərnəyində məşğul olan uşaqların əl işləri ilə, sonra isə mərkəzin 3-cü mərtəbəsində təşkil olunmuş “Xocalı uşaqların gözü ilə” adlı sərgi ilə tanış olmuşlar.
Mərasimdə Xocalı faciəsinin qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Sonra 318 saylı tam orta məktəbin şagirdlərinin hazırladığı ədəbi-bədii kompozisiya göstərilmiş və Xocalı faciəsi haqqında sənədli film nümayiş etdirilmişdir.
Tədbirdə çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasov Azərbaycan Prezidenti İlham Əliyevin şəhid ailələrinə göstərdiyi diqqət və qayğıdan danışmışdır.
Bildirilmişdir ki, Xocalı faciəsi erməni şovinist-millətçiləri tərəfindən azərbaycanlılara qarşı müntəzəm olaraq həyata keçirilən etnik təmizləmə və soyqırımı siyasətinin davamı idi.
Xüsusi vurğulanmışdır ki, Xocalılar hətta amansız soyqırımı günündə də özlərini əsl qəhrəman kimi aparmış, erməni-sovet hərbi birləşmələrinə qarşı qeyri-bərabər döyüşdə igidliklə vuruşmuş, düşmən qarşısında əyilməmiş, xalqımızın qəhrəmanlıq tarixinə şərəfli səhifələr yazmışlar.
Xocalı soyqırımının dünya ictimaiyyətinə çatdırılması, bunun üçün müxtəlif tədbirlərin keçirildiyini vurğulayan İ. Abbasov bu işdə Heydər Əliyev Fondunun fəaliyyətini xüsusi qeyd etmişdır. Fond bir neçə ildir ki, bütün imkanlarından istifadə edərək Xocalı soyqırımının dünyada təbliği yönündə ardıcıl, məqsədyönlü və səmərəli tədbirlər həyata keçirir. Xocalı faciəsinin dünya ictimaiyyətinə çatdırılması məqsədilə xarici ölkələrdə keçirilən tədbirlərə Heydər Əliyev Fondunun verdiyi dəstək, eləcə də Fondun özünün təşəbbüsü ilə görülən işlər xüsusi əhəmiyyətə malikdir.
Məhz bu cür ardıcıl və məqsədyönlü tədbirlərin nəticəsidir ki, dünya ictimaiyyəti getdikcə Xocalı soyqırımı haqqında daha çox məlumatlar toplayır, əsl həqiqətlərin nədən ibarət olduğunu daha dərindən anlayır.
Xocalı faciəsinin canlı şahidləri çıxış etmiş, təəssüratlarını bölüşmüşlər.