Şuşa Bəyannaməsi Azərbaycanın Milli Qurtuluş Gününün davamı və zirvəsidir
Bakı, 15 iyun, AZƏRTAC
Azərbaycan və Türkiyə Prezidentləri İlham Əliyevlə Rəcəb Tayyib Ərdoğanın iyunun 15-də imzaladıqları Şuşa Bəyannaməsinin bir ili başa çatır. Şuşa Bəyannaməsi iki ölkə arasında tarixboyu süzgəcdən və sınaqdan keçmiş, ortaq strateji maraqlara malik hərbi-siyasi və təhlükəsizlik məsələsidir.
Bu fikirləri AZƏRTAC-a Türkel Media qurumunun prezidenti, TÜRKSOY laureatı və Qırğız Respublikasının əməkdar mədəniyyət xadimi Hökümə Xəlilova bildirib.
Azərbaycan torpaqlarının 44 gün içində dünya azərbaycanlılarının da Prezidenti olan, Müzəffər Ali Baş Komandan İlham Əliyevin iqtidar-xalq-ordu birliyi sayəsində istiqlala qovuşduğunu deyən H.Xəlilova həmin günü qürbətdə səbirsizliklə gözlədiklərini diqqətə çatdırıb. Məhz bu Zəfərin nəticəsi kimi iyunun 15-də Şuşa Bəyannaməsi tarixə mühüm, əlamətdar bir hadisə kimi daxil oldu.
“Şuşa Bəyannaməsi böyük strateji əhəmiyyətə malik sənəddir. Bir il ərzində Azərbaycan və Türkiyə strateji müttəfiqliyin maraqlarını davam etdirmək üçün bir-birini dəstəklədilər. Bakı-Ankara cütlüyünün bu mühüm addımı təbii ki, bölgədə sülhə, əmin-amanlığa və sabitliyə nail olma məqsədini qarşıya qoyur və indi digər ölkələr də öz maraqlarını bu əsasda uzlaşdırırlar.
Azərbaycanla Türkiyə arasında imzalanan bu bəyannamə iki qardaş ölkənin milli təhlükəsizliyinə bir zəmanət oldu. Ona görə də bu sənəd çox əhəmiyyətlidir. Bu, Azərbaycan-Türkiyə birliyinin rəsmiləşdirilməsi və dünyaya nümayişidir. Təbii ki, bu Bəyannaməni, eyni zamanda, Azərbaycanın Milli Qurtuluş Gününün davamı və zirvəsi kimi qiymətləndirmək yanlış olmazdı”, - deyə Türkel Media qurumunun prezidenti vurğulayıb.
H.Xəlilova qeyd edib ki, Şuşa Bəyannaməsindən bəri ötən bir ildə çox işlər görülüb və bundan sonra da görüləcəyinə şübhə yoxdur.