“Şuşa İli” çərçivəsində Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin qarşısına mühüm vəzifələr qoyulub
Bakı, 28 fevral, AZƏRTAC
AMEA-nın vitse-prezidenti, Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin (FRTEB) Ümumi yığıncağının sədri akademik Rasim Əliquliyev onlayn iclasda Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında 2022-ci ilin “Şuşa İli” elan edilməsi haqqında” 5 yanvar tarixli Sərəncamından irəli gələn vəzifələr haqqında çıxış edib.
Bu barədə AZƏRTAC-a AMEA-dan məlumat verilib. Bildirilib ki, akademik “Şuşa İli” ilə əlaqədar olaraq Humanitar Elmlər Bölməsində AMEA-nın digər elmi bölmə və təşkilatlarının təklifləri də nəzərə alınmaqla tədbirlər planı hazırlandığını və onun icrasından irəli gələn məsələlərin həllində elmi müəssisələrin yaxından iştirakının zəruriliyini diqqətə çatdırıb.
“Əsası 1752-ci ildə Qarabağ xanı Pənahəli xan tərəfindən qoyulan və bu il 270 illiyi qeyd olunacaq Şuşa şəhəri zəngin inkişaf yolu keçmişdir. Strateji mövqeyi ilə seçilən Şuşa tarix boyu dəfələrlə hücumlara məruz qalmış, 1992-ci il mayın 8-də isə Azərbaycana qarşı hərbi təcavüzə başlamış Ermənistanın silahlı qüvvələri tərəfindən işğal olunmuşdu. 28 ildən sonra Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuz Şuşanı işğaldan azad etdi və beləliklə, 2020-ci il noyabrın 8-i tariximizə Zəfər Günü kimi yazıldı”, - deyə R.Əliquliyev bildirib. Alim qeyd edib ki, ölkəmizin mədəni və ictimai-siyasi həyatında müstəsna rol oynamış Şuşa şəhərinin Azərbaycanın milli intellektual potensialının inkişaf etdirilməsində xüsusi yeri var. Bütün bu məqamları nəzərə alaraq, Prezidentin 2022-ci ili “Şuşa İli” elan etməsi və bununla əlaqədar olaraq Sərəncam imzalaması müxtəlif dövlət orqanları və peşə sahibləri, o cümlədən Azərbaycan elmi qarşısında mühüm vəzifələr qoyub.
Akademik Rasim Əliquliyev “Şuşa İli” çərçivəsində müxtəlif elmi istiqamətlərdə əsaslı tədqiqatların aparılması, bir sıra aktual problemlərin araşdırılması və onların həllinə Azərbaycan alimlərinin töhfə verməsinin vacib olduğunu vurğulayıb. O, FRTEB-in elmi müəssisələrini dövlətin elm qarşısında müəyyənləşdirdiyi vəzifə və tapşırıqların icrasında aktiv fəaliyyətə çağırıb.
İclasda sözügedən tədbirlər planında “Şuşa şəhəri ərazisində radioloji və kimyəvi risklər” mövzusunda elmi konfransın, eləcə də Şuşa şəhərində anadan olmuş görkəmli riyaziyyatçı və fizik alimlərin yubileyləri ilə əlaqədar beynəlxalq konfransların təşkilinin nəzərdə tutulduğu bildirilib. Qeyd edilib ki, Şuşa şəhərində müasir şəhərsalma konsepsiyasının reallaşdırılması məqsədilə elektron xəritələrin, verilənlər bazasının yaradılması və onların idarə olunması üçün intellektual üsulların, alqoritmlərin və sistemlərin işlənilməsi, Şuşa şəhəri və ətraf rayonlarda “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyasının həyata keçirilməsi məqsədilə əşyaların interneti əsasında intellektual idarəetmə, monitorinq və nəzarət sistemlərinin yaradılması, o cümlədən Şuşa şəhəri və ətraf kəndlərin orta təhsil məktəblərinin fizika laboratoriyalarının lazımi cihazlarla təmin edilməsi də müvafiq planda yer alan mühüm vəzifələrdəndir.