“Şuşa ziyalıları: unudulmuş irs” və “Azərbaycan mətbuatı: gizli nəşrlər” kitablarının təqdimatı olub
Bakı, 12 aprel, AZƏRTAC
Bakı Dövlət Universitetinin (BDU) Jurnalistika fakültəsi və Azərbaycan Mətbuat Şurasının birgə təşkilatçılığı ilə BDU-nun Milli mətbuat tarixi kafedrasının professoru, tarix elmləri doktoru Nəsiman Yaqublunun yeni nəşr edilmiş “Şuşa ziyalıları: unudulmuş irs” və “Azərbaycan mətbuatı: gizli nəşrlər” kitablarının təqdimat mərasimi olub.
Bu barədə AZƏRTAC-a BDU-dan məlumat verilib.
Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcid və İdarə Heyəti üzvlərinin, tanınmış ziyalıların, tədqiqatçı və jurnalistlərin, müəllim-tələbə heyətinin iştirak etdikləri tədbirdə fakültənin dekanı, Mətbuat Şurasının sədr müavini Vüqar Əliyev professor Nəsiman Yaqublunun təqdim olunan kitabları ilə bağlı fikirlərini bildirib.
Professor N.Yaqublu qeyd edib ki, “Şuşa ziyalıları: unudulmuş irs” kitabında Əhməd bəy Ağaoğlu, Ceyhun Hacıbəyli, Hilal Münşi kimi görkəmli ziyalıların yazıları toplanıb. “Azərbaycan mətbuatı: gizli nəşrlər” kitabında isə ilk dəfə olaraq çar Rusiyası və sovet rejimi dövründə qadağan edilmiş Azərbaycan mətbuatı nümunələri (qəzetlər, jurnallar, kitablar) oxuculara təqdim olunur.
Digər çıxış edənlər tarixi arxiv materialları əsasında işlənmiş həmin kitabların mətbuat tarixinin inkişafındakı önəmindən bəhs ediblər.
Sonra tələbələrin sualları cavablandırılıb.