Tacikistan qida təhlükəsizliyi ilə bağlı Azərbaycanın təcrübəsini öyrənir
Bakı, 19 dekabr, AZƏRTAC
Tacikistan Respublikası Hökuməti yanında Ərzaq Təhlükəsizliyi Komitəsinin sədr müavini Rano Karimzodanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) ölkəmizdəki nümayəndəliyinin təmsilçiləri Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyində (AQTA) və Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunda (AQTİ) olublar.
Qida Təhlükəsizliyi Agentliyinin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, məqsəd Azərbaycanın qida təhlükəsizliyi sahəsindəki qabaqcıl təcrübəsini öyrənmək, qazanılan təcrübəni Tacikistanda tətbiq etmək və qida təhlükəsizliyi sistemlərinə keçidin təkmilləşdirilməsi haqqında məlumat əldə etməkdən ibarətdir.
AQTA-da keçirilən görüş zamanı, agentliyin sədr müavini Zəkiyyə Mustafayeva qurumun fəaliyyət istiqamətləri, qarşıya qoyulan hədəflər, əhalinin sağlam və təhlükəsiz qida məhsulları ilə təmin olunması istiqamətində həyata keçirilən tədbirlər barədə qonaqlara ətraflı məlumat verib. Eyni zamanda, nümayəndə heyəti “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının Qanunu və bu qanundan irəli gələn tələblər barədə məlumatlandırılıb. Bu tələblərin Tacikistanın müvafiq qurumuna təqdim edildiyi bildirilib. Tədbirdə qarşılıqlı maraq doğuran digər məsələlər də müzakirə olunub.
Daha sonra AQTİ-də təşkil edilən görüşdə qonaqlara institutun fəaliyyət istiqamətləri barədə, həmçinin ölkəmizdə qida təhlükəsizliyi sahəsində laboratoriya sisteminin inkişafı, maddi-texniki bazanın modernləşdirilməsi sahəsində həyata keçirilən işlər barədə məlumat verilib.
Görüşdən sonra qonaqlar iş prinsipini öyrənmək məqsədilə institutun laboratoriyalarına baxış keçirib. Onlar laborator sınaqların aparılması prosesini izləyib, cihaz və avadanlıqlara baxıb. Eləcə də bitki və heyvan mənşəli qida məhsullarının təhlükəsizlik və keyfiyyət göstəriciləri üzrə həyata keçirilən laborator müayinə üsulları ilə tanış olub, qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıblar.
Qeyd edək ki, Tacikistan Respublikası Hökuməti yanında Ərzaq Təhlükəsizliyi Komitəsinin sədr müavini Rano Karimzodanın rəhbərlik etdiyi nümayəndə heyəti FAO-nun “Qida sistemlərinə keçid: insanlar, planet və ümumi tərəqqi üçün qida sistemlərinin təşviqi” layihəsi çərçivəsində ölkəmizə səfər edib.