TAEKVONDO ÜZRƏ AZƏRBAYCAN ÇEMPİONATI BAŞA ÇATMIŞDIR
“ABU Arena” idman kompleksində taekvondo üzrə kişi və qadınlar arasında Azərbaycan çempionatı başa çatmışdır.
Azərbaycan Taekvondo Federasiyasından AZƏRTAC-a bildirmişlər ki, üç gün davam etmiş yarışda 502 idmançı qüvvəsini sınamışdır. Xatırladaq ki, yarışın ilk günü böyüklər arasında qaliblər müəyyənləşmişdi.
Gənclərin yarışmasında isə Məmməd Əliyev (45 kq, UGİM), Zülfüqar Qasımov (48 kq, Gəncə), Faiq Tanrıverdiyev (51 kq, “Neftçi” İSM), İmran Zalov (55 kq, “Neftçi” İSM), Nicat Mikayılov (59 kq, “Neftçi” İSM), Zakir Abdullayev (63 kq, “Neftçi” İSM), Səbuhi İsmayılzadə (68 kq, “Neftçi” İSM), Məhəmməd Əzizli (73 kq, “Neftçi” İSM), Elvin Namazov (78 kq, Daxili İşlər Nazirliyi İdman Cəmiyyəti - DİN İC), Aydın Bəhməlov (73 kq-dan yuxarı, “Neftçi” İSM) fəxri kürsünün ən yüksək pilləsinə qalxmışlar.
Qadınların mübarizəsində ən yüksək nəticəni Şəhrun Yusifova (47 kq, “Neftçi” İSM), Leyla Yusubova (51 kq, Gəncə), Nigar Hacıyeva (55 kq, “Rəfiyev” İK ), Səbinə Mikayılova (59 kq, MOİK), Günay Ağakişiyeva (63 kq, “Neftçi” İSM ), Leyla Rzayeva (68 kq, Gəncə), Dilarə Musayeva (73 kq, DİN İC) göstərmişlər.
Gənc qızların yarışması isə respublikamızın müxtəlif bölgələrini təmsil edən idmançıların uğurlu çıxışları ilə yadda qalmışdır. Belə ki, Xəyalə Quliyeva (42 kq, Sumqayıt), Fəridə Əzizova (49 kq, Qusar), Fəridə Əliyeva (52 kq, Yevlax), Qaratel Məmmədova (59 kq, Gəncə) və Bəsti Məmmədova (68 kq-dan yuxarı, Göyçay) qızıl medallara sahib olmuşlar. Bakı idmançıları arasında isə Reyhan Bağırova (44 kq, “Budokan” İK), Nübar Hacıyeva (46 kq, “UGİM-12”) və Aygül Abdullayeva (55 kq, DİN İC) birinci olmuşlar.