İDMAN
Taekvondo yığmasının baş məşqçisi: Paris Olimpiadasında da uğurlu nəticə əldə etmək istəyirik
![Taekvondo yığmasının baş məşqçisi: Paris Olimpiadasında da uğurlu nəticə əldə etmək istəyirik](/files/2023/3/1200x630/17029815201177135081_1200x630.jpg)
Bakı, 19 dekabr, AZƏRTAC
“Sevindirici haldır ki, Qaşım Maqomedov Böyük Dəbilqədə həm təsnifat, həm də Çempionlar mərhələsinin qalibi oldu”.
AZƏRTAC xəbər verir ki, bu sözləri taekvondo üzrə Azərbaycan millisinin baş məşqçisi Məmməd Abdullayev Qaşım Maqomedovun Çinin Usi şəhərində Olimpiya çəkiləri üzrə keçirilən yarışlarda qızıl medal və lisenziya qazanması barədə jurnalistlərə açıqlamasında deyib.
Mütəxəssis 58 kiloqram çəki dərəcəsində mübarizə aparan idmançının yarışda uğurla çıxış etdiyini bildirib: “Qaşım finala qədər 4 görüş keçirərək qalib gəldi. Bizim üçün əsas olan son yarış idi. Çünki orada çempion olacağı halda, “Paris-2024” Yay Olimpiya Oyunlarına lisenziya qazanacaqdı. Şükürlər olsun, Azərbaycanı layiqincə təmsil edərək qızıl medal əldə etdi. Bilirsiniz ki, Qaşım Bakıdakı dünya çempionatında məğlub olduğu çinli idmançıya, sonuncu Qran-Prinin qalibi olan iranlı taekvondoçuya və nəhayət, öz çəkisində dünya çempionu olan rəqibinə qalib gəlməyi bacardı. Sevindirici haldır ki, onun hazırkı forması çox yaxşıdır. Məqsədimiz Parisdə təşkil olunacaq Yay Olimpiya Oyunlarında da uğurlu nəticə əldə etməkdir”.
M. Abdullayev taekvondoçuya bir müddət istirahət veriləcəyini vurğulayıb: “Gələn ilin mart ayında lisenziya turnirə qatılacaqdıq. Artıq Qaşım Maqomedov üçün planlarımız dayandı. Çünki o, vaxtından əvvəl Olimpiya Oyunlarına lisenziya qazandı. Fikrimizi digər idmançılara yönəltmişik”.
Baş məşqçi Paris Olimpiadasına mümkün lisenziya sayı barədə əvvəlcədən proqnoz vermək istəmədiyini əlavə edib.