Tahir Budaqov: Azərbaycan bölgədə yeni tərəfdaşlıq platforması yaradır, mühüm layihələr reallaşdırır
Bakı, 24 dekabr, AZƏRTAC
Postmüharibə dövründə yeni hədəflər müəyyənləşdirən Azərbaycan bölgədə yeni tərəfdaşlıq platforması yaradır, mühüm layihələr reallaşdırır.
AZƏRTAC xəbər verir ki, bunu Yeni Azərbaycan Partiyası (YAP) Sədrinin müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov “Böyük Qayıdış: İlham Əliyev siyasətinin təntənəsi” mövzusunda dekabrın 24-də keçirilən konfransda deyib.
Tahir Budaqov bildirib ki, “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”ə əsasən ölkəmizin qarşısında 2030-ci ilədək 5 əsas prioritet istiqamət qarşıya qoyulub. Hazırda Böyük Qayıdış Proqramı əsasında mühüm işlər görülür. “Görülən işlər, həyata keçirilən layihələr sosialyönümlü iqtisadiyyatın inkişafına, insanların maddi rifah halının yaxşılaşdırılmasına imkan verəcək”, - deyə o qeyd edib.
Vurğulayıb ki, Azərbaycan öz siyasətini quruculuq prosesi ilə möhkəmləndirir: “Ölkəmiz Qarabağ və Şərqi Zəngəzurun iqtisadiyyatını inkişaf etdirməklə dünyaya səs salacaq”.
Bildirib ki, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın abidələrimizin bərpası istiqamətində gördüyü işlər Azərbaycanın milli dəyərlərinin qorunması və mühafizəsi baxımından çox önəmlidir.