CƏMİYYƏT
Tahir Budaqov: Azərbaycan dövlətlərarası münasibətlərin konstruktiv müstəvidə inkişafının tərəfdarıdır
Bakı, 14 noyabr, AZƏRTAC
Noyabrın 14-də Çində səfərdə olan YAP nümayəndə heyətinin bu ölkənin Szyansu vilayəti Xalq Nümayəndələri Yığıncağı Daimi Komitəsi sədrinin müavini Çjou Quançji ilə görüşü keçirilib.
Partiyadan AZƏRTAC-a bildiriblər ki, görüşdə Ç.Quançji əvvəlcə Szyansu vilayəti haqqında ətraflı məlumat verib. O, Azərbaycan ilə Çin arasında çoxşaxəli münasibətlərin strateji xarakter daşıdığını və uğurla inkişaf etdiyini bildirib. Azərbaycanın Çinin dostu və Cənubi Qafqazda ən böyük ticarət tərəfdaşı olduğunu söyləyən Çjou Quançji hər iki ölkənin bir-birinin maraqlarına hörmətlə yanaşdığını və strateji tərəfdaş kimi əməkdaşlığı dərinləşdirməkdə maraqlı olduğunu bildirib.
Parlamentlərarası əlaqələrin inkişafının önəmindən söz açan sədr müavini iki dövlətin qanunverici orqanlarında dostluq qruplarının fəaliyyət göstərməsinin Azərbaycan-Çin münasibətlərinin inkişafına mühüm töhfə verdiyini diqqətə çatdırıb.
Hakim partiyalar arasındakı məhsuldar dialoq şəraitində əlaqələrin genişləndirilməsinin əhəmiyyətindən bəhs edən Çjou Quançji Yeni Azərbaycan Partiyası ilə Çin Kommunist Partiyası (ÇKP) arasında əməkdaşlıq memorandumunun imzalanmasının dostluq və tərəfdaşlıq əlaqələrinin əsaslarını möhkəmləndirəcəyinə əminliyini ifadə edib. O diqqətə çatdırıb ki, memorandumdan irəli gələn vəzifələrin icra olunması uğurlu nəticələr verməklə qarşılıqlı faydalı işbirliyini daha da gücləndirəcək.
YAP Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov Prezident, YAP-ın Sədri İlham Əliyev ilə Çin Sədri, ÇKP-nin Baş katibi Si Cinpinin iki ölkə arasında əlaqələrin inkişafına xüsusi önəm verdiklərini, strateji tərəfdaşlığa əsaslanan münasibətlərin genişləndirilməsi istiqamətində məqsədyönlü addımlar atıldığını vurğulayıb.
Azərbaycanın öz ərazi bütövlüyünü və suverenliyini bərpa etməklə yaratdığı yeni reallıqların regionda sülh, sabitlik, təhlükəsizlik, inkişaf və əməkdaşlığa xidmət etməklə yanaşı, həm ölkəmizin, həm də tərəfdaş dövlətlərin qarşısında mühüm perspektivlər açdığını söyləyən YAP Sədrinin müavini respublikamızın dövlətlərarası münasibətlərin konstruktiv müstəvidə inkişafının tərəfdarı olduğunu bildirib.
Azərbaycan-Çin əməkdaşlığının genişləndirilməsində həm hakim partiyalar, həm də parlamentlər arasındakı səmərəli əlaqələrin mühüm rol oynadığını bildirən Tahir Budaqov qeyd edib ki, YAP ilə ÇKP-nin fəal dialoqu Azərbaycan-Çin strateji tərəfdaşlıq münasibətlərinin mühüm tərkib hissəsi kimi böyük önəmə malikdir.
Azərbaycanın regionlarının geniş potensiala və dinamik inkişafa malik olduğunu qeyd edən YAP Sədrinin müavini iki ölkənin bölgələri arasında da əməkdaşlığın perspektivli olduğunu, bu məsələnin xüsusi diqqət mərkəzində saxlanılmasının əhəmiyyətini diqqətə çatdırıb.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər barədə müzakirələr aparılıb.
Noyabrın 14-də YAP nümayəndə heyəti “Keyuan” intellektual elm və texnologiya şirkətini də ziyarət edib. Ziyarətçilər sənayenin müxtəlif sahələrində tətbiq edilən innovasiyalar barədə məlumatlandırılıblar.