Taleh Mansurov: Ulu Öndər gənclərin qəlbində əbədi yaşayacaq bir liderdir
Bakı, 13 mart, AZƏRTAC
Ümummilli Lider Heydər Əliyevin biz gənclərin qarşısına qoyduğu vəzifəni hər bir Azərbaycan gənci bu gün Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında uğurla yerinə yetirməyə çalışır. Ulu Öndər gənclərin qəlbində əbədi yaşayacaq bir liderdir. Dahi rəhbər hər zaman gənclərin Azərbaycanın taleyüklü məsələlərinin öhdəsindən gələcəyinə inanırdı.
Bu sözləri AZƏRTAC-a müsahibəsində Sosial və İnnovativ İnkişaf Birliyinin sədri Taleh Mansurov deyib.
Qeyd edib ki, 2 fevral - Gənclər Gününün təsis edilməsi, gənclərimizin dünyanın nüfuzlu universitetlərində təhsil almağa göndərilməsi Ulu Öndərin Azərbaycan gəncinə olan sevgi və qayğısının göstəricisi idi. Hələ SSRİ dönəmində Naxçıvanski adına Hərbi Məktəbin yaradılması, o dövr üçün Azərbaycanın hərb tarixində atılmış ən böyük addım idi. Bunun nəticəsini Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan gəncinin Qarabağ Zəfəri göstərdi.
“Bu gün hər bir Azərbaycan gənci Heydər Əliyevin siyasətini, ideologiyasını, Vətən sevgisini öz üzərində hiss edir. Ulu Öndər hər anını Vətəninə həsr edib. “Azərbaycan dünyaya günəş kimi doğacaq!” dediyi zaman bu gün Azərbaycanın özlərini super güc adlandıran dövlətlərin qarşısında öz haqq məsələsində böyük siyasi və iqtisadi gücü ilə duracağı günü bilərək deməsi, şübhəsiz, onun dahi siyasi təfəkkürünün göstəricisidir.
Hər bir Azərbaycan gəncinin həyatında, inkişafında, Vətən sevgisində Heydər Əliyevin imzası var. Parçalanmaqda olan ölkəni bir yumruq ətrafında birləşdirməyi bacardığı üçün, Azərbaycan var olduqca imzası qəlbimizdə olacaq. Əsrin müqaviləsi ilə iqtisadi inkişafımızın təməlində Heydər Əliyevin imzası var. O, zamanın dahisi, xalqın xilaskarı idi. Onun siyasi kursunu uğurla davam etdirən Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müstəqil Azərbaycanımız daha da inkişaf edəcək. Ümummilli Liderin anadan olmasının 100 illiyini hörmət və ehtiramla yad edirik”, - deyə T.Mansurov bildirib.