“Taliban” Əfqanıstandan xarici qoşunların mayın 1-dək çıxarılmasını tələb edir
Bakı, 15 aprel, AZƏRTAC
“Taliban” hərəkatı ABŞ Prezidenti Cozef Baydenin sentyabr ayının 11-dək amerikalı hərbçilərin Əfqanıstandan çıxarılacağı barədə bəyanatından sonra ləngimələrin Doha şəhərində əldə olunan sazişi pozduğunu deyib.
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, həmçinin taliblər mayın 1-nə qədər xarici qoşunların Əfqanıstandan çıxarılmasını tələb edib.
“Hərbi kontingentin Əfqanıstandan çıxarılması prosesinin bir neçə ay təxirə salınması barədə qərar Dohada əldə olunan sazişin pozulması və öhdəliklərin yerinə yetirilməməsidir”, - deyə hərəkatın bəyanatında bildirilir.
“Taliban” Amerikanı və digər xarici qüvvələri müharibənin uzadılmasına haqq qazandırmamağa və bütün qoşunlarını ölkədən çıxarmağa çağırıb. Taliblərin bəyanatında, həmçinin bildirilir ki, sazişin pozması səbəbindən baş verə biləcək hadisələrin məsuliyyəti ABŞ tərəfinin üzərinə düşür.
Bir müddət öncə ABŞ Prezidenti Cozef Bayden hərbi kontingentin Əfqanıstandan çıxarılması prosesinin mayın 1-dən başlanacağı və sentyabrın 11-dək başa çatacağı barədə bəyanat verib. Onun sözlərinə görə, Birləşmiş Ştatlar Əfqanıstanı tədricən tərk edəcək və proses müttəfiqlər və tərəfdaşlarla tam koordinasiyalı şəkildə həyata keçiriləcək.
ABŞ-ın əvvəlki administrasiyası ilə “Taliban” hərəkatı arasında imzalanan sülh sazişinə əsasən, amerikalı hərbçilər mayın 1-nə qədər Əfqanıstan ərazisini tərk etməlidir. “Taliban” hərəkatı isə öz növbəsində ölkə ərazisini Birləşmiş Ştatlar və müttəfiqlərinin təhlükəsizliyinə təhlükə törədəcək fəaliyyət üçün istifadə etməyəcək və Kabil rejimi ilə danışıqlara başlayacaq.