MƏDƏNİYYƏT
Tallindəki bazar günü məktəbi Azərbaycan mədəniyyəti həftəsi keçirib
Bakı, 17 noyabr, Anara Axundova, AZƏRTAC
Estoniyada “Karyera” Təhsil Akademiyasının nəzdində fəaliyyət göstərən Tallin Azərbaycanın Maraqlar üzrə Məktəbinin təşəbbüsü ilə Azərbaycan mədəniyyəti həftəsi keçirilib. Bundan əlavə məktəb müəllimlər, şagirdlər və onların valideynlərinin iştirakı ilə Zəfər Günü və Konstitusiya Gününü qeyd edib.
AZƏRTAC xəbər verir ki, Azərbaycanın Maraqlar üzrə Məktəbinin müəllimi Elmira Həsənin rəhbərliyi ilə 100 illik tarixi olan Tallin Tondi məktəbi (Tallinna Tondi Kool) ilə birgə ölkənin əlamətdar hadisələrinə həsr olunmuş Azərbaycan mədəniyyəti həftəsi təşkil olunub.
“Karyera” Təhsil Akademiyasının rəhbəri Sənəm Əliyeva məktəbin şagirdləri, müəllimləri və rəhbərliyi qarşısında Azərbaycanın mədəniyyəti və tarixi barədə təqdimat ilə çıxış edib, eləcə də ölkənin müasir reallıqları barədə danışıb.
Mədəniyyət həftəsi çərçivəsində məktəbdə şagirdləri və müəllimləri Azərbaycan mədəniyyəti ilə tanış edən dərslər keçirilib, paxlava, dolma və plovun hazırlanması üzrə ustad dərsləri təşkil olunub. Bundan başqa, Tallin Tondi məktəbində Azərbaycanın tarixi və mədəniyyətinə həsr olunmuş guşə yaradılıb.
Azərbaycan mədəniyyəti həftəsi noyabrın 17-dək davam edəcək, bazar ertəsi - noyabrın 20-də isə Tallin Tondi məktəbində bu Həftəyə həsr olunmuş viktorina keçiriləcək. Qaliblərə xatirə mükafatları və suvenirlər təqdim olunacaq.