TARİX FƏNNİ ÜZRƏ ELMİ-METODİKİ SEMİNAR 20 YANVAR FACİƏSİNƏ HƏSR OLUNMUŞDUR
Bakı, 22 yanvar (AZƏRTAC). Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından bildirmişlər ki, tarix fənni üzrə elmi-metodiki seminarda Vətənimizin müstəqilliyi, ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Seminar iştirakçıları 20 Yanvar faciəsinin mahiyyətini açıqlamışlar. Bildirilmişdir ki, Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş 1990-cı il 20 Yanvar qırğını ölkəmizə qarşı ərazi iddiaları irəli sürən Ermənistanın təcavüzkar hərəkətlərindən və keçmiş SSRİ rəhbərliyinin onlara havadarlığından hiddətlənən geniş xalq kütləsinin üzərinə imperiya ordusunun döyüş hissələrinin yeridilməsi respublikamızda misli görünməmiş faciəyə gətirib çıxartmışdır.
Böyük itkilərlə, günahsız insanların qətli ilə nəticələnən 20 Yanvar faciəsi keçmiş sovet rəhbərliyinin Azərbaycana qarşı xəyanətkar siyasətinə dözməyən, öz azadlığına, müstəqilliyinə can atan xalqımızın həm də mübarizliyini nümayiş etdirmişdir.1990-cı ilin 20 yanvarında keçmiş sovet dövlətinin hərb maşınının Azərbaycan xalqına qarşı həyata keçirdiyi qətllər insanlıq əleyhinə törədilmiş ən ağır cinayətlərdən biri kimi bəşər tarixində qara səhifə olaraq qalacaqdır.