Tarix Muzeyində “Xarıbülbül - Qələbə rəmzi” mövzusunda növbəti ustad dərsi
Bakı, 8 iyun, AZƏRTAC
Milli Azərbaycan Tarixi Muzeyində “Anadır arzulara hər zaman Qarabağ” adlı sərgi çərçivəsində "Xarıbülbül - Qələbə rəmzi" adlı ustad dərsi keçirilib.
Muzeydən AZƏRTAC-a bildirilib ki, ustad dərsi nəzəri və praktik hissədən ibarət olub. Tədbirdə Faiq Rzayev adına 150 nömrəli tam orta məktəbin şagirdləri iştirak ediblər.
Elmi-kütləvi iş və təhsil şöbəsinin əməkdaşı Nigar Əhmədova dərs iştirakçılarına xarıbülbül haqqında məlumat verib. Elmi maarifləndirmə və ekskursiyalar şöbəsinin əməkdaşı Gülay Bağırova Qarabağ xanlığı və muzeydə ona aid eksponatlar haqqında danışıb. Həmçinin xarıbülbül haqqında hekayə söylənilib, sənədli film nümayiş olunub, uşaqlara xarıbülbül çiçəyinin kağız üzərində düzəldilmə qaydası öyrədilib.
Sonra xarıbülbül haqqında viktorina keçirilib və iştirakçılar sertifikat, hədiyyələrlə mükafatlandırılıb.
Sonda “Anadır arzulara hər zaman Qarabağ” sərgisinə ekskursiya təşkil olunub. Dərsdə istifadə olunan bütün materiallar muzey tərəfindən təmin edilib.
Ustad dərsi, karantin şəraitini nəzərə alaraq, məhdud sayda iştirakçı ilə keçirilib.