Tarixə yazılan günlərimiz
Bakı, 1 noyabr, AZƏRTAC
Azərbaycanın Dağlıq Qarabağ bölgəsini və ətraf yeddi rayonunu 30 ildir işğal altında saxlayan Ermənistan hərbi təxribatlar törətməkdə davam edir. Haqlı qəzəb doğuran bu təxribatlar barədə Azərbaycan Respublikasının Prezidenti münaqişənin danışıqlar yolu ilə həllinə cavabdeh olan beynəlxalq təşkilatları, dünyanın aparıcı dövlətlərini və onların rəhbərlərini xəbərdar edib, bununla bağlı bəyanatlar verib.
Bu fikri AZƏRTAC-a açıqlamasında Azərbaycan Dövlət Pedaqoji Universitetinin Filologiya fakültəsinin dekanı, filologiya üzrə elmlər doktoru, professor Mahirə Hüseynova bildirib.
Professor qeyd edib ki, ilk dəfə 2016-cı ilin Aprel döyüşləri Azərbaycan xalqı və dövlətinin bitən səbrinin nümayişi oldu. Dörd gün davam etmiş əməliyyatlar əslində Ermənistan dövləti üçün ciddi siqnal olmalı idi. “Aşılmaz”, “keçilməz” kimi görünən, hətta ermənilərin “Ohanyan istehkamları” adlandırdıqları mühəndis qurğuları Aprel döyüşlərində müzəffər Azərbaycan hərbçiləri tərəfindən darmadağın edildi.
Tanrı kimisə bədbəxt etmək istəyirsə, birinci növbədə onun ağlını alır. Erməni xalqı qarşısında məsuliyyət daşımalı olan siyasi rəhbərlər baş vermiş hadisələrdən dərs almaq iqtidarında olmadıqlarını ortaya qoydular.
Ən yaxın tarix üçün ikinci ibrət almaq şansını isə 2020-ci ilin iyulunda Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanın Tovuz rayonu sərhədində törətdiyi təxribat zamanı əldən verdi. O, Tovuz döyüşlərindəki ciddi itkiləri Ermənistan əhalisindən gizlətmək, tam cəzasızlıq limitini nümayiş etdirərək danışıqları dalana dirəmək yolunu tutdu. ATƏT-in Minsk Qrupu üçüncü onillikdir ki, Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan Respublikasının 20 faiz torpağını işğal edərək özü üçün status-kvo yaratmasını arabir sönük, arxasında hansısa icra mexanizmi dayanmayan bəyanatlarla müşahidə edirsə, burada nəsə söz deməyi artıq sayırıq. Buna görədir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bir müddət əvvəl Minsk Qrupunu növbəti dəfə fəaliyyətsizliyini nəzərə çatdırdı, BMT-nin Baş Assambleyasındakı çıxışı zamanı Ermənistanın öz işğalçı ordu birləşmələrini qeyd-şərtsiz olaraq işğal zonasından çıxarılmaları barədə elə həmin beynəlxalq təşkilatın qəbul etdiyi dörd qətnaməni yada saldı.
Bütün bunların fonunda Ermənistanın sentyabrın 27-dən başladığı hərbi təxribatlarının qarşısını almaq üçün Azərbaycan Silahlı Qüvvələrinin əks-hücuma keçməsi gözlənilən idi.
Azərbaycan Ordusunun ölkəmizin ərazi bütövlüyü uğrunda apardığı mübarizə xalqımızın öz dövlətinə və Prezidentinə inamı fonunda baş verir. Qələbə bizimdir.