Tarixi abidələr və müasir infrastruktur – İslam Səfərli küçəsi VİDEO
Bakı, 14 may, AZƏRTAC
AZƏRTAC-ın “Mən turist olsaydım” rubrikası: İslam Səfərli küçəsi.
Bakı şəhərinin Səbail və Yasamal rayonlarını əhatə edən İslam Səfərli küçəsi son aylarda həyata keçirilən genişmiqyaslı abadlıq işləri nəticəsində paytaxtın ən cəlbedici məkanlarından birinə çevrilib. Küçə Azərbaycan prospektindən başlayaraq Nigar Rəfibəyli küçəsinin bir hissəsini də əhatə edir və Mirzəağa Əliyev küçəsinədək uzanan ərazi boyunca tam şəkildə yenidən qurulub.
Burada piyadaların rahat və təhlükəsiz hərəkəti üçün geniş səkilər salınıb, müasir işıqlandırma sistemi qurulub, yaşıllıq zolaqları yaradılıb və şəhər mühitinə uyğun estetik elementlər quraşdırılıb. Xüsusilə, bu ərazidən Mərkəzi Parka birbaşa keçidin təmin olunması şəhər sakinləri və turistlər üçün böyük rahatlıq yaradır. Həmçinin Fəvvarələr meydanından Qış parkına birbaşa, fasiləsiz və rahat çıxış piyada turizmi üçün əlverişli marşrut formalaşdırır.
Küçə boyunca XIX əsrin sonu – XX əsrin əvvəllərində inşa edilmiş yerli əhəmiyyətli memarlıq abidələrinin qorunub saxlanılması və bərpası isə əraziyə xüsusi tarixi kolorit qatır. Bu tikililər Bakı memarlıq məktəbinin incəliklərini əks etdirməklə yanaşı, ziyarətçilərə şəhərin keçmişinə qısa bir səyahət imkanı yaradır.
Bu gün İslam Səfərli küçəsi istirahət, gəzinti və şəhərin memarlıq irsi ilə tanışlıq üçün ideal məkanlardan biri kimi diqqət çəkir.